Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda imzalanan Bəyannamə qarşıdakı dövrdə görüləcək işlərin yol xəritəsi kimi dəyərləndirilir. Bu baxımdan SPECA-nın Zirvə görüşünün sonunda imzalanan Bakı Bəyannaməsi özündə mühüm çağırışları ehtiva etdi. Təbii ki, bu çağırışlar SPECA-nın yaranmasından ötən 25 ildə üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkşafından, səylərin birləşdirilməsi fonunda görülən işlərin miqyasının genişliyindən irəli gəlir.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında qeyd etdi ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir: “Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”
SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Azərbaycan o illərdə iqtisadi inkişafı ilə dünyanın diqqətində idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. 1994-cü ildə Ulu Öndərin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişi imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən layihələr ölkələr, xalqlar arasında əməkdaşlığı daha da möhkəmləndirir. Belə ki, qlobal çərçivədə başlanan əməkdaşlığın coğrafiyası getdikcə genişlənərək beynəlxalq miqyas aldı. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu proqnoz beynəlxalq maliyyə qurumları tərəfindən də səsləndirildi ki, enerji layihələrindən dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olacaq və bu isə öz növbəsində ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yol açacaq. Məhz bu reallıqlarımızın fonunda dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında qeyd etdi ki, son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycan bu gün investisiya cəlbediciliyini qorumaq üçün bütün zəruri addımları atır. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verdi və bu günümüz üçün möhkəm təməl yaradıldı. 2003-cü ildə cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkərək bu mühüm çağırışı da səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Azərbaycanın investisiya cəlbediciliyinin qorunmasında ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi əhəmiyyətli rol oynayır. Belə ki, cənab İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsində də öz sözünü deyir. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət, qazanılan uğurlar, irəli sürdüyü təşəbbüslər nəticəsində sözünün imzası qədər dəyərini artırır.
SPECA-nın Zirvə görüşü bütün sahələrdə Azərbaycanın qazandığı uğurların təqdimatı üçün növbəti platforma oldu. Zirvə görüşü, eyni zamanda, türk dünyasının birliyinə böyük töhfədir.
Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri