29 noyabr 2023 12:13
343

Biləcəri dəmir yolu stansiyasındakı çeşidləmə təpəsi yenidən qurulur- FOTO/VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasındakı çeşidləmə təpəsi 60 il sonra yenidən qurulur.

“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Əməliyyatların səmərəliliyi və təhlükəsizliyinə xüsusi önəm verən ADY həyata keçirdiyi xidmətləri vaxtaşırı olaraq təkmilləşdirir. Təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşıma fəaliyyətinin təşkili üçün 1960-cı illərdə qurulmuş və istismar müddəti bitmiş çeşidləmə təpəsində qatarların təhlükəsiz hərəkətini tam təmin etmək məqsədilə əsaslı təmirə başlanılıb. Yenidənqurma işləri çərçivəsində 4 km-ə yaxın yol yenidən qoyulacaq, torpaq yatağı təkrar işlənəcək, kommunikasiya qurğuları müasirləşdiriləcək. Yükdaşımaların fasiləsizliyini təmin etmək üçün tikinti işləri mərhələli şəkildə aparılır və qarşıya qoyulmuş planın aprel ayına qədər həyata keçirilməsi nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.

Azərbaycana daxil olan tranzit yüklər istisna olmaqla bütün vaqonların çeşidləndiyi Biləcəri çeşidləmə təpəsi ADY-nin mühüm strateji obyektlərindən biridir.