29 noyabr 2023 13:32
216

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və NEQSOL Holding-in baş direktoru Yusif Cabbarovun iştirak etdiyi tədbirdə ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sənəd bioloji müxtəlifliyin qorunması, flora və fauna növlərinin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərində ekosistemin və infrastrukturun bərpası, dayanıqlı fəaliyyətin təmin edilməsi üçün strateji xammal ehtiyatları ilə təmin edilməsi, xammalın tullantı mineral komponentlərlə əvəzlənməsi, alternativ yanacaq və enerji mənbələrindən istifadə və “yaşıl” iqtisadiyyatın dəstəklənməsi sahələrində əməkdaşlığı əhatə edir.

"NEQSOL Holding dayanıqlı və məsuliyyətli biznes təcrübələrinin tətbiqinə böyük önəm verir. Günəş enerji stansiyasının tikintisi və dayanıqlı texnologiyaların tətbiqi kimi biznes layihələri ilə yanaşı, müxtəlif sosial layihələr də həyata keçiririk. Bu Memorandum ekologiya və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətimizə əsas yaradır” - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov bildirib.

NEQSOL Holding 10-dan çox ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.