29 noyabr 2023 17:10
102

326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423-ü ailələrinə inteqrasiya edilib

1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunandan bu günə qədər 484 uşaq övladlığa verilib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, zərurət olmadan uşaqların müəssisəyə düşməsinin qarşısını almaq məqsədilə Ailə Məcəlləsinin 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, nazirlik valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumat əldə etdikdən sonra onların ilkin qiymətləndirilməsini həyata keçirir:

"İlkin qiymətləndirilmənin həyata keçirilməsində məqsəd uşaqların ailədən ayrılma zərurətini müəyyənləşdirməkdir. Əgər ailədə saxlanmaq uşağın mənafeyinə uyğundursa, ailənin əsaslı qiymətləndirilməsi həyata keçirilməklə ailə-inkişaf planı hazırlanır. Uşağın ailəsində qalması qeyri-mümkün olduqda nazirlik tərəfindən onun himayədar ailəyə verilməsi və ya müəssisəyə yerləşdirilməsi imkanları araşdırılır. Səlahiyyətlər nazirliyə verildiyi tarixdən bugünədək 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə malikdir. Hazırda nazirliyin iddiaçı olduğu 6 məhrumetmə və 1 məhdudlaşdırma olmaqla 7 belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır".