19 may 2016 15:49
777

“SOCAR-AQŞ”-nin növbəti sosial layihəsi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilən 3 günlük rəsm sərgisinin qalibləri mükafatlandırıldı

“SOCAR-AQŞ” sosial məsuliyyət proqramı çərçivəsində növbəti layihəyə start verib. Belə ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində rəsm sərgisinin açılış mərasimi keçirilib.

Mayın 18-dək davam edən sərginin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərqərar olmasında oynadığı tarixi rolu və töhfələri rəng çalarları ilə bir daha tərənnüm etdirməkdir. Profesional rəssamlarla yanaşı, gənc rəssamların da yaradıcılığının geniş vüsət alması baxımından “SOCAR-AQŞ” tədbirin baş sponsoru qismində çıxış edərək Rəssamlıq Akademiyasının təşəbbüsünü dəstəklədi və gənc tələbələr arasında müsabiqənin keçirilməsini reallaşdırdı.

Qeyd edək ki, sərgidə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğrunda mübarizəsi və  neft sənayesinin inkişafı gənclərin gözü ilə nominasiyaları üzrə müsabiqə elan olunub.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mərasimi açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafında yeni bir dövrün əsasını qoyub:  “İncəsənətimizin maddi-texniki bazasının möhkəmləndirilməsində Ulu Öndərin misilsiz rolu var. Bu gün isə gənc tələbələr arasında belə bir təqdirəlayiq müsabiqənin təşkilinə və sponsorluq fəaliyyətinə görə “SOCAR-AQŞ” rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu cür təşəbbüslərin dəstəklənməsi gənc rəssamlarda ruh yüksəkliyi yaratmaqla yanaşı, milli mədəni dəyərlərin qorunması və aşılanması ənənəsini də yaşadır.”

Daha sonra “SOCAR-AQŞ”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova çıxış edərək bildirdi ki, müəssisə gənc və istedadlı tələbələrin potensiallarını ortaya çıxara bilən təşəbbüsləri vaxtaşırı dəstəkləyir: “Bakı nefti mövzusu hələ ötən əsrdən bəri rəssamların sevə- sevə müraciət etdiyi mövzulardan biridir. Müstəqil Azərbaycanın neft-qaz sənayesinin uğurlarının təməlində isə “Əsrin müqaviləsi” dayanır. Ulu Öndərin gərgin zəhməti sayəsində reallaşan bu müqavilənin  töhfələri hal-hazırda sərgilənən təsviri incəsənətin əksər növlərində öz təzahürünü tapıb.”

Tədbirin sonunda münsiflər heyəti müsabiqənin 8 qalibinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara diplomlar təqdim etdilər.

Qeyd edək ki, ümumilikdə, sərgidə 200-dən artıq əsər, o cümlədən bunlardan 50-yə yaxını rəngkarlıq, 30-u qrafika, 47-si xalça, 28-i qobelen, 26-sı keramik və digər üslubda əsərlər nümayiş olundu.

Orxan Vahidoğlu, “İki sahil”