19 may 2016 21:48
393

Peşə sınaq imtahanı keçirilib

Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi tərəfindən elan olunmuş vakansiya üzrə peşə sınaq imtahanı keçirilmişdir

SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi tərəfindən elan olunmuş “Xilas edən matros” vakansiyası üzrə müsabiqənin peşə sınaq imtahanı mərhələsi İnsan Resursları Departamentinin, Dalğıc və Qəza-xilasetmə işləri İdarəsinin, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin hovuzunda keçirilmişdir.İmtahandan əvvəl namizədlərə hovuzda təhlükəsizlik qaydaları, tapşırıq normativləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, müsabiqənin ilkin mərhələsində vakansiya üzrə 553 namizəd müraciət etmiş, vakansiyanın tələblərinə cavab verən 482 nəfər test imtahanına dəvət olunmuşdur. Test imtahanında uğurlu nəticə göstərmiş 340 namizəd peşə sınaq imtahanında iştirak etmək hüququnu qazanmışdır. Bütün namizədlərə öz bacarıqlarını nümayiş etdirmək üçün hər cür imkan və şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, namizədlər 200 metr məsafəni 5 dəqiqəyə dayanmadan sərbəst üsulla üzmək, suyun üzündə ən azı 3 dəqiqə qalmaq, sualtı ən azı 20 metr dayanmadan üzmək və 2 metr dərinlikdən batmış şərti maketi çıxararaq dayanmadan ən azı 25 metr üzməkdən ibarət olan 4 praktiki tapşırığı yerinə yetirməlidirlər. Məlumatlandırma başa çatdıqdan sonra namizədlər ardıcıl olaraq yoxlanılmış, cari tapşırığı icra edə bilməyənlərə növbəti tapşırıq verilməmiş, onlar müsabiqədən keçməmiş hesab olunmuşlar. Vakansiyanın tələblərinə uyğun olaraq bütün praktiki tapşırıqları uğurla yerinə yetirən namizədlərin davranış keyfiyyətləri də İnsan Resursları Departamentinin mütəxəssisləri tərəfindən qiymətləndirilmişdir. Namizədlərə qabaqcadan da bildirildiyi kimi, peşə sınaq imtahanlarında iştirak edənlərə imtahanın nəticələri barədə SMS və elektron poçt vasitəsilə məlumat veriləcəkdir. 

SOCAR-in rəsmi internet səhifəsində elan olunan digər vakansiyalar üzrə müsabiqələr davam edir.