Meksikada açılan sərgi hər kəsin marağına səbəb olub. Bu sərgidə hansısa sənət əsərləri deyil, Mərkəzi və Cənubi Amerika ölkələrində cinayətkar dəstələr tərəfindən qaçırılan və ya itkin düşən şəxslərin ayaqqabıları nümayiş olunub.
100 cütdən çox ayaqqabının nümayiş olunduğu sərgi, itkin düşən şəxslərin acı taleyinə diqqət çəkmək üçün təşkil edilib. Mərkəzdə itkin düşən şəxslərin ayaqqabıları göydən asılıb və onlar haqqında ayaqqabı şəklində hazırlanan xüsusi lövhədə məlumatlar yazılıb. Sərgidə Argentina, Meksika, Salvador, Honduras və digər ölkələrdəki cinayətkar dəstələrin qurbanı olan gənclərin ayaq geyimləri nümayiş olunub. Tədbirdə onların ailə üzvləri də iştirak edib.
Məlumata görə, Mərkəzi və Cənubi Amerika ölkələrində son bir neçə il ərzində ümumilikdə 28 mindən çox insan əsasən narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstələrin qurbanına çevrilib. Dəhşətlisi odur ki, bu göstərici günbəgün artır. Elə bir neçə gün əvvəl Meksikada, gənclərin naməlum şəkildə yoxa çıxmasında da hansısa cinayətkar dəstənin əlinin olduğu guman edilir.