04 dekabr 2023 12:54
361

Azərbaycanla ticarət dövriyyəsinin həcmi potensialımızı tam əhatə etmir- Meksika səfiri

Bakıda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, xanım səfir son bir ildə missiyasını ölkəmizdə davam etdirməsindən məmnunluğunu ifadə edib.

"2022-ci ilin 1 dekabrında Bakıya gəldim və bu ilin 26 yanvarında etimadnaməmi Prezident İlham Əliyevə təqdim etdim, bu günü heç vaxt unutmayacağam. Prezident İlham Əliyevlə görüş zamanı ölkələrimiz arasında münasibətlərin daha geniş spektrinə nəzər saldıq", - səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, iqtisadi əlaqələrin potensialımıza uyğun olmadığı diqqətə çatdırılıb: "Ticarət dövriyyəsinin imkanlarımıza daha yaxın olması üçün görüləcək işlər barədə fikir mübadiləsi aparıldı. Bakıdakı fəaliyyətimi ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə həsr etmişəm. Nazirlər Kabinetinin bir sıra nümayəndələri ilə görüşlər keçirilib. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdük, siyasi müstəvidə ölkələrarası münasibətlər müzakirə mövzusu oldu".

Səfir cari ilin may ayında Mexiko şəhərində Meksika - Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin üçüncü toplantısının keçirildiyini diqqətə çatdırıb: "Şübhəsiz ki, bu toplantıda baş tutan görüşlər, qəbul olunan qərarlar əlaqələrimizin gələcəkdə daha genişmiqyaslı və səmərəli qurulması üçün böyük təkan rolunu oynayıb.

Siyasi müstəvidə görüşlərin digər sahəsinə toxunmaq istəyirəm. Bu ölkələrimiz arasında parlament səviyyəsində əlaqələrin genişləndirilməsidir".

Diplomat meksikalı deputatların Şuşa şəhərinə səfərinin təşkil olunduğunu bildirib və əlavə edib ki, meksikalı millət vəkilləri orada görülən tikinti-yenidənqurma işləri ilə yaxından tanış olub.

"Gördüyümüz kimi, siyasi sahədə görülən işlər çox aktiv fazada davam etdirilib. İkitərəfli ticarət əlaqələrinə gəlincə isə, biz ötən ilki rəqəmlərə nəzər salanda görürük ki, ticarət dövriyyəsinin həcmi 60 milyon dollara yaxın olub ki, bu da mümkün potensialı tam əhatə etmir və daha da artırılması üçün fəaliyyətimizi davam etdiririk. İqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi şübhəsiz ki, daim diqqət mərkəzindədir. Azərbaycan istehlakçıları Meksika məhsullarına böyük maraq göstərir. Bunların sırasında bir sıra ekzotik meyvə-tərəvəzlər və vətəni Meksika olan tekila içkisi də yer alır. Meksika iş adamlarının Azərbaycanda müxtəlif layihələr həyata keçirməsi üçün danışıqlar davam etdirilir", - səfir qeyd edib.

Diplomat onu da bildirib ki, Meksika mədəniyyətini Azərbaycanda tanıtmaq üçün fəal işlər davam etdirilir.