Yunanıstanın Saloniki şəhərində Transadriatik qaz boru kəmərinin (TAP) təməli qoyulmaqla XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin reallaşması istiqamətində mühüm addım atıldı. Təməlqoyma mərasimində Yunanıstanın, ABŞ-ın, Avropa Komissiyasının, Albaniyanın, İtaliyanın, Türkiyənin, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Azərbaycanın nümayəndə heyəti, konsorsiuma daxil olan şirkətlərin rəhbərləri iştirak edirdilər. Tədbirdə TAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı bir daha vurğulandı.
Qeyd edək ki, TAP “Cənub Qaz Dəhlizi”nin sonuncu və əhəmiyyətli seqmentidir. Bu kəmər Türkiyə ilə Yunanıstanın sərhədində yerləşən Kipoi məntəqəsində Transanadolu qaz boru kəmərinə (TANAP) birləşdiriləcək. Yeri gəlmişkən, TANAP və TAP şirkətləri arasında da tikinti işlərinə dair saziş imzalanıb.
TAP təxminən 878 kilometr uzunluğu olan boru xəttidir. Onun 550 kilometri isə Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu kiçik hissəsi İtaliyanın quru ərazisində yerləşəcək. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürülməsinin mümkün olacağı istisna edilmir.
TAP-ın təməlqoyma mərasimində Yunanıstanın Baş naziri Aleksis Çipras kəmərin inşasına başlanmasının region üçün mühüm əhəmiyyət kəsb etdiyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində layihənin böyük rol oynadığını vurğulayıb. Məlum olduğu kimi, “Cənub Qaz Dəhlizi” ilə Xəzərin Azərbaycan bölməsindəki “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qaz nəql olunacaq. Azərbaycan qazının Avropaya yolu Səngəçal terminalından başlayacaq, “mavi yanacaq” ölkəmizin və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Türkiyəyə çatdırılacaq. Türkiyənin 20-dən çox bölgəsindən keçərək 1850 kilometr məsafə qət edən TANAP isə yanacağı TAP-a qovuşduracaq.
İlkin mərhələdə dəhlizə ildə 16 milyard kubmetr qaz ötürüləcək ki, bunun da 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri Avropa üçün nəzərdə tutulub. TAP-ın 2020-ci ildən fəaliyyətə başlayacağı planlaşdırılır. Gələcəkdə onun ötürücülük qabiliyyətinin ikiqat artırılaraq 20 milyard kubmetrə çatacağı gözlənilir.
Təbii ki, hər bir layihənin uğurla başa çatmasında onun maliyyə məsələlərinin həlli böyük rol oynayır. Son vaxtlar TAP-ın maliyyələşdirilməsi məsələlərinin necə olacağı da maraq doğurur. Real vəziyyət bu sahədə də problemin olmayacağını göstərir. Belə ki, layihənin maliyyələşdirilməsi qrafikə uyğun aparılır.
Hələ təməlqoyma mərasimindən əvvəlki günlərdə TAP layihəsinin icraçı direktoru Yan Bradşou jurnalistlərə deyib ki, maliyyələşməyə kommersiya kreditorları da cəlb edilə bilər: “TAP Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bəzi ölkələrinin ixrac-kredit agentlikləri daxil olmaqla, bir sıra beynəlxalq institutlardan maliyyə almağı gözləyir”.
Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) TAP layihəsinin 1,5 milyard avro məbləğində maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Bunu bankın enerji üzrə icraçı direktoru Rikardo Puliti bildirib. Onun sözlərinə görə, AYİB layihənin reallaşdırılmasına 500 milyon avro həcmində kredit ayırmağa və digər banklarla bir milyard avro həcmində sindikatlaşdırılmış kreditin təşkili imkanını nəzərdən keçirməyə hazırdır.
R.Puliti bildirib ki, bu kredit AYİB-in fəaliyyəti tarixində ən iri kredit ola bilər: “TAP layihəsi təqribən 6 milyard avro həcmində qiymətləndirilir. Fikrimcə, Avropa İnvestisiya Bankının, layihənin səhmdarlarının və ixrac-kredit agentliklərinin iştirakı ilə TAP tam maliyyələşdiriləcək”. Bu bir daha göstərir ki, TAP getdikcə beynəlxalq aləmin daha böyük dəstəyini qazanır.
Təməlqoyma mərasimində belə bir fakt da vurğulanıb ki, əsas vəzifə Xəzər qazının Avropa bazarına vaxtında çatdırılmasına, tranzit və istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsinə nail olmaqdır.
Elçin Zaman, “İki sahil”