Bayden hakimiyyəti "The Washington Post"un dili ilə ərazi bütövlüynü bərpa edən Azərbaycanın müstəqil siyasətini həzm edə bilmədiyini göstərir
ABŞ Konqresi, Senatı, eləcə də Amerikada fəaliyyət göstərən aparıcı mətbuat orqanları da bu məkrli məqsədlərdən qidalanır, pul gücünə, maliyyə hesabına özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün müstəqil dövlətlər, öz suverenliyini qazanan ölkələr haqqında bədnam məqalələr dərc edir, yalan, böhtan kampaniyası aparırlar. ABŞ-dakı bəzi dairələr Azərbaycanda qurduqları, maliyyələşdirdikləri, dövlətə və xalqa qarşı istifadə etdikləri şəbəkənin, onun bariz nümunəsi olan media qurumlarının ifşa olunmasından və əl-qolunun bağlanmasından əməlli-başlı narahat olublar. Bakıda ifşa edilən şəbəkəsinin rüsvayçılığını, acı məğlubiyyətini, çirkin niyyətlərinin aşkara çıxmasını həzm edə bilməyən ABŞ rəhbərliyi “The Washington Post” qəzetində növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu - guya söz azadlığının olmadığı, korrupsiya hallarının geniş vüsət aldığı, siyasi motivli həbslərlə bağlı iddiaların “yazıldığı” sifarişli məqalə dərc etdirib. “The Washington Post” qəzeti ölkəmiz haqqında yazdığı təxribat xarakterli, heç bir kriteriyaya sığmayan yalan və böhtanı əks etdirən məqaləsi ilə hansı məshəbə qulluq etdiyini bir daha isbatladı. Görünən odur ki, Azərbaycanın apardığı milli maraqlara söykənən müstəqil xarici siyasət kursu ABŞ rəhbərliyi qədər “The Washington Post”un maliyyə şeflərinin də xoşuna gəlmir.
"The Washington Post" qəzeti erməni lobbisinin maliyyə vəsaiti və Ağ Evin tapşırığı ilə müntəzəm olaraq Azərbaycanı hədəfə alır

ABŞ siyasi dairələrinin məkrli siyasətlərinin əsas ruporlarından olan "The Washington Post" qəzetində Azərbaycana qarşı qərəzli, ölkə rəhbərliyini hədəfə alan məqalənin dərc olunması birinci hal deyil. “The Washington Post” “sponsorlarının” tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə almağa, ölkəmiz haqqında mənfi imic formalaşdırmağa, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim etməyə çalışır. Qəzetdə dərc olunan yazılar Amerikanın dövlət siyasətindən, onun rəhbərlərinin əməllərindən qaynaqlanır və ilk növbədə erməni lobbisinin, ermənipərəst qüvvələrin maliyyəsi hesabına dərc edilir. Bu gün Amerikanın Azərbaycana münasibətində tamamilə düşmən mövqeyi görürük. Çünki istər Amerika Konqresi, istərsə də bir çox rəsmi nümayəndələr son aylar Azərbaycan əleyhinə tamamilə yanlış mövqedən çıxış edirlər. Onlar Ermənistana maliyyə vəsaiti ayıraraq, onu silahlandıraraq Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq fikrindədirlər. Sözsüz ki, bu məqsədlə Ermənistan kartından istifadə edirlər. "The Washington Post" da məhz bu çirkin əməllərin daşıyıcısıdır. Çünki Azərbaycan torpaqları 30 il işğal altında qaldığı, bir milyondan çox qaçqın və məcburi köçkünümüz illər boyu əzab-əziyyət çəkdiyi zaman nə bu mətbu orqan, nə də Amerikanın rəsmi dairələri Azərbaycan haqqında, haqlı tələblərimizlə bağlı bir kəlmə də dilə gətirmədilər, əksinə, təcavüzkarı - Ermənistanı müdafiə etmək mövqeyində durdular.
Amerika, onun mətbuat orqanları, dövlət rəsmiləri demokratiyaya, azadlığa, insan hüquqlarına heç də dəstək vermirlər. Onlar silah satmaq, ölkələri qarət etmək, xalqları incitmək yolunu tutublar və bu mənfur siyasəti uzun illərdir həyata keçirirlər. "The Washington Post" da bu yoldadır və həmin dairələrin sözünü deməyə məcburdur, qarşıya onların yolunu davam etdirmək məqsədini qoyub.
Demokratlar Partiyasının sol qanadının əsas media ruporu

Bu qanada daxil olan siyasətçilər, nüfuzlu maliyyə mərkəzləri və hərbi simalar ABŞ-ın yox, öz qruplarının yaxud şəxsi maraqlarının naminə istər Birləşmiş Ştatlar daxilində, istərsə də dünyanın fərqli ölkələrindəki siyasətçiləri və hökumətləri hədəfə alırlar. Azərbaycan hər dəfə uğura imza atanda Dövlət Departamentinin sifarişi ilə "The Washington Post" və onun kimi digər media qurumlarında ölkəmizə qarşı belə hücumlar təşkil olunub. Son aylarda ABŞ-dan artan belə hücumların səbəbi Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağda erməni separatizminə son qoymasıdır. Bayden hakimiyyəti Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi ilə heç cür razılaşa bilmir və Bakıdan ermənilərin intiqamını almağa çalışır. Ötən ay ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində absurd teatr səhnəsini xatırladan dinləmələrin keçirilməsi, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsi, bədnam "907-ci düzəliş"in yenidən qüvvəyə minməsi aydın göstərir ki, Ağ Ev Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmir. Konkret desək, ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır, Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. "The Washington Post" qəzetində dərc olunan məqalə də bu siyasətin növbəti təzahürüdür.Əslində, ABŞ-ın Azərbaycana qarşı qərəzinin bu səviyyəyə çatması anlaşılandır. Söhbət ondan gedir ki, Fransada olduğu kimi, Amerikanın siyasi dairələrinin də erməni lobbisi ilə həm də korrupsioner əlaqələri var. Bu səbəbdən Bayden hakimiyyəti erməni lobbisinin güclü təsiri altındadır və onun oyuncağına çevrilib.
ABŞ mətbuatının qərəzli və böhtançı tribunaya çevrildiyini bu ölkənin sadə vətəndaşından tutmuş prezidentinə qədər hər kəs etiraf edir
Hətta sabiq Prezident Donald Tramp etiraf edir ki, dünyada saxta informasiyalar yaymaqda ABŞ mediası liderdir. D.Tramp ölkə vətəndaşlarına və dünya əhalisinə dönə-dönə müraciət edərək onları ABŞ mediasına inanmamağa çağırıb. "The Washington Post"da dərc olunan məlum məqalənin ABŞ Dövlət Departamentinin hansısa kabinetində yuxarıdan alınan tapşırıqla hazırlanması da Trampın dediklərini təsdiq edir. "The Washington Post" özü isə azad media mənsubu deyil, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan təxribat mexanizmidir.

Soros ənənəsini yaşadan və dağıdıcı siyasətin ruporu olan bu qəzet guya Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının təəssübünü çəkir. Əslində isə Bayden hakimiyyəti "The Washington Post"un dili ilə Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmədiyini göstərir və ona görə dövlətimizin başçısına qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. Bu təkcə Prezident İlham Əliyevə qarşı deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik və təhqirdir. Bununla yanaşı, Ağ Evdəkilər ABŞ-ın Azərbaycanda qurduğu, maliyyələşdirdiyi, dövlətimizə və xalqımıza qarşı istifadə etdiyi anti-Azərbaycançı şəbəkənin, onun bariz nümunəsi olan "Abzas Media"nın ifşa olunmasından və əl-qolunun bağlanmasından narahatdırlar. Amma aydındır ki, bu məqalənin sifarişçilərinin məqsədi orada toxunulan məqamlar deyil. Onların məqsədi qalib Azərbaycanın uğurlarına kölgə salmaq, ölkəmizin nüfuzunu sarsıtmaqdır. İnsan hüquqlarının və demokratiyanın ən çox pozulduğu ölkənin mediasına xatırlatma: şüşəli evdə yaşayan başqasına daş atmaz. ABŞ demokratiyasının qara üzü barədə kifayət qədər danışmaq olar.
Maliyyə sıxıntıları içində qıvrılan…
Jurnalist peşəsinə yaraşmayan qeyri-peşəkarlıq, qərəz və tələskənlik “The Washington Post”u dəfələrlə xoşagəlməz situasiyalara salıb və reputasiyasına ciddi zərbələr vurub. Təsadüfi deyil ki, oxucu auditoriyasının azalması səbəbi ilə “The Washington Post” qəzeti 2023-cü ili 100 milyon dollar zərərlə başa vuracaq. “Reuters”in məlumatına görə, qəzet 10%-ə qədər əməkdaşını da ixtisar etməyi planlaşdırır. Bundan əvvəl də qəzet əməkdaşları arasında ciddi ixtisarlara getmişdi. Məsələn, 2009-cu ildə “The Washington Post“ 230 əməkdaşını işdən azad etmişdi. Ciddi maliyyə sıxıntıları və auditoriya itkisi ilə üzləşən qəzetin çap versiyası ümumiyyətlə ciddi düşüş yaşayır. Onlayn reklam gəlirləri belə qəzetin nüsxələrinin satış sayının ciddi şəkildə azalmasını kompensasiya edə bilmir. Ümumilikdə isə, yanlış redaksiya siyasəti, ABŞ-ın nüfuzlu siyasi və maliyyə mərkəzlərindən birinə xidmət qəzetin beynəlxalq nüfuzunun zədələnməsinə və sadə amerikalıların ona inamına ciddi zərbə vurub.
ABŞ-ın hələ heç kimə xoşbəxtlik gətirməyən "demokratiya"sı və "söz azadlığı" lazımımız deyil, saxlasın özünə!
Çünki dünya artıq bir çox hadisələrin fərqinə vardıqca Amerikanın iç üzü açılır, onun rəsmi dairələrinin əməlləri dünyaya bəlli olur. Çünki ABŞ tarixən müstəmləkəçilik yolunu tutub, dünyanın bir çox ölkələrini demokratiya pərdəsi altında özünün əsarətinə alaraq çoxsaylı faciələr, münaqişələr, müharibələr törədib. Ukrayna-Rusiya, eləcə də İsrail-Fələstin müharibələri, dünyanın bir çox ölkələrində baş verən qarşıdurmalar məhz Amerikanın, Fransanın çirkin məqsədlərinin nəticəsidir. ABŞ sözdə demokratiya, söz, mətbuat azadlığı, insanların hüquqlarının müdafiə edilməsi şüarları ilə çıxış etsə də, əməllərində tamamilə başqa yol tutur və özünün şəxsi maraqları üçün dünyanı müharibələrə sürükləyir.
Yaqut Ağaşahqızı, “İki sahil”