Ermənistan maliyyə naziri Vahe Hovhannisyan parlamentdə çıxışı zamanı ölkənin 2024-cü il üzrə dövlət büdcəsi layihəsində Müdafiə Nazirliyinin xərcləri üçün 554 milyard dram olmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm 2023-cü ilin dövlət büdcəsi ilə müəyyən edilmiş müdafiə sektoruna yönəldilən xərcləri 7 faiz üstələyəcək. Nəticədə müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3 faizini təşkil edəcək.
Bu məsələni “İki sahil”ə açıqlamasında dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistanın Vətən müharibəsi və ondan sonrakı dövrdə hərbi texnika, silah-sursat və avadanlıq itkilərinin ümumi dəyəri 6 milyard manatdan çox olub. Bütün bunları nəzərə alsaq, demək olar ki, Ermənistanda hərbi xərclər üzrə artırılacaq bu məbləğ regiondakı balansı bərpa etməyə imkan verməyəcək.
Ekspert qeyd etdi ki, Ermənistanın hərbi büdcəsini artırması gözlənilən idi: “Demək olar ki, Ermənistan zirehli qruplaşmasının böyük bir hissəsini, hava hücumundan müdafiə sistemlərinin isə əksəriyyətini itirib. Buna görə də məğlub olmuş ordusundakı mövcud çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmaq məcburiyyətindədir. İstənilən halda məğlub ölkənin sülh sazişi imzalanmadan və sərhədlərin delimitasiya prosesini başa çatdırmadan Ermənistanın yenidən silahlanmaya meyl etməsi Azərbaycanı preventiv addımlar atmağa sövq edir”.
Ekspert vurğuladı ki, Ermənistan ordusu tam komplekt olduğu halda belə Azərbaycana qarşı müqavimət göstərə bilmədi: “Ona görə də barmaqla sayılacaq qədər əldə etdiyi silah yaxud texnikalarla ciddi nailiyyətlər əldə edəcəyi gözlənilmir. Əvvəlki illərin təcrübəsi də onu göstərir ki, Ermənistan daim kənar ölkələrin hesabına silahlanır. Sadəcə hazırkı proses vektorun Rusiyadan Hindistan və Fransaya dəyişməsi ilə müşahidə olunur. Bütün hallarda bu silahlanma Ermənistana böyük fəlakətlər vəd edə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.
Sayalı Abasova