AZƏRTAC-ın Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə qarşı olan bir davranışdır. Baş verən hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə hələ də dünyada basqı davam edir. Bu, yolverilməzdir və dünya ictimaiyyəti, xəbər agentlikləri, mətbuat ittifaqları buna reaksiya verməlidir.
Söz və mətbuat azadlığı sağlam demokratiya üçün vacibdir. Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərdə baş verə bilər. Medianın iş şəraiti və azadlığının qorunması konstitusiya və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq media azadlığı sahəsində nümunə olmağa çalışan ölkələrdən biri olan Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistə əsassız şəkildə peşəkar fəaliyyətinə təzyiq göstərilməsi yolverilməzdir və bu hadisənin törədilməsi böyük təəssüf doğurur. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq.
Ümumilikdə son illər Fransada siyasi və sosial problemlər dünyanın diqqətindədir. Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Fransa hökuməti, xüsusilə Prezident Emmanuel Makron hakimiyyəti dövründə bu cür hadisələrə laqeyd yanaşır, azad sözün boğulmasına göz yumur. Bütün bunların nəticəsi olaraq nəinki Fransa jurnalistləri, həmçinin həmin ölkədə fəaliyyət göstərən digər dövlətlərin jurnalistləri də bu cür çətinliklərlə üzləşirlər. İkinci təəssüf doğuran hal isə ondan ibarətdir ki, Paris şəhərində media azadlığının müdafiəsi ilə məşğul olan bir neçə beynəlxalq təşkilat mövcuddur, o cümlədən “Sərhədsiz Reportyorlar” təşkilatının mənzil-qərargahı Paris şəhərində yerləşir. Beynəlxalq statuslu jurnalist təşkilatları, həmçinin “Sərhədsiz Reportyorlar” da bəhs olunan tipli insidentlərə ikili standartlarla yanaşırlar. Onlar yerləşdikləri ölkə ərazisində jurnalistika ilə bağlı baş verən hadisələrə lazımi qiymət vermir, hətta belə faktları gizlədirlər. Biz Fransa hökumətinə, hüquq-mühafizə orqanlarına, eyni zamanda Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatlarına müraciət edərək bu faktın araşdırılmasını və lazımi ölçü götürülməsini tələb edirik.
Anar Məmmədov,
Milli Məclisin deputatı