08 dekabr 2023 23:16
618

“Azərbaycan dilinin Meğri şivələri”

Qərbi Azərbaycan İcmasında bu adda kitabın təqdimatı keçirilib

Dünən Qərbi Azərbaycan İcmasında Əhmədəli Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Azərbaycan dilinin Meğri şivələri” kitabının ikinci nəşrinin təqdimatı keçirilib. 

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov bildirib ki, kitabda ilk dəfə olaraq qədim Zəngəzur qurşağında yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri əksini tapıb. Onun sözlərinə görə, müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaksis xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, həmin ərazinin türkmənşəli  toponimlərini də küll halında oxucuya çatdırıb. 

Ulu Öndəri Böyük Qayıdışa zəmin yaradan dahi şəxsiyyət kimi xarakterizə edən AMEA-nın müxbir üzvü, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Elə təqdimatı keçirilən “Azərbaycan dilinin Meğri şivələri” kitabı da bunun bir daha təsdiqidir: “Odur ki, mən bu kitabı “Qayıdış Konsepsiyası”na ən gözəl töhfə kimi dəyərləndirəm”.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu adi kənd müəlliminin, yəni müəllifin  bu fədakarlığından söz açmaqla yanaşı, tarixi həqiqətlərlə bağlı bu kimi kitabların davamlı olmasının vacibliyini vurğulayıb. Bakı Dövlət Universitetinin professoru Elbruz Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, İbrahim Bayramov, akademik Muxtar İmanov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini Vaqif Şadlinski, tarixçi alim Cəbi Bəhramov və çıxış edən digər natiqlər kitabın məziyyətlərindən söz açıblar.

Kitabın müəllifi Əhmədəli Əliyevin oğlu - akademik Fikrət Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, 3 hissədən ibarət ikinci nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur

Qvami Məhəbbətoğlu, “İki sahil”