09 dekabr 2023 21:24
454

Azərbaycan Avropa üçün əsas enerji mənbəyi olacaq - ŞƏRH

Enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib 

Noyabrın 23-də Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi dekabrın 9-da bu TV-nin efirində yayımlanıb.

Sözügedən müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. 

Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.

Azərbaycan həmçinin Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Avrasiyada və əsasən də Avropada artıq bir neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Ölkəmiz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib. Bu, dövlətimizin işgüzar əlaqələrinin vacib hissəsi olmaqda davam edəcək.

Məlumdur ki, Bakı küləklər şəhəridir, ölkəmiz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikdir. Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.

Avropaya yaşıl enerji nəql etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrası Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi rolunu möhkəmləndirəcək. Bu istiqamətdə texniki və kommersiya məsələləri həll olunacaq, fiziki kabel çəkiləcək. Həmçinin bu marşrutla verilməsi üçün elektrik enerjisinin istehsalı təmin ediləcək. Bütünlükdə Azərbaycan Avropanın dekarbonizasiyasına töhfə verəcək. Azərbaycan qazı hazırda Avropada kömür istehlakının azalmasında və bununla da dekarbonizasiyada rol oynayır.

Ümumiyyətlə, bugünkü şəraitdə qlobal dünya karbonsuz gələcəyə doğru addımlayır və bütün ölkələr bu prosesin fərqli mərhələlərindədir. Azərbaycan müəyyən mənada şanslıdır ki, kömürü enerji balansından çıxarmaq məcburiyyətində deyil, bunu onilliklər öncə edib. Həmçinin Azərbaycan hazırda külək və günəş enerisi sahəsində layihələr həyata keçirir, ölkəmiz Avropada yaşıl enerjinin iri tədarükçüsünə çevrilmək üçün uzun yol qət edəcək.

17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında Saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Avropaya ötürülməsi üçün birgə müəssisə yaradır.

Günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən elektrik enerjisinin istehsalının dünya bazarlarına daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Azərbaycan ümumilikdə 10 qiqavat enerjinin istehsalına dair anlaşma memorandumları imzalayıb və hətta bunların üçdə biri və ya yarısı həyata keçirilərsə, bu Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya elektrik enerjisinin bu həcmlərinin kabel ilə Gürcüstan sahillərinə, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya ixrac etməkdən ibarətdir. Bu həcmlərin bir hissəsi şəbəkə üzərindən Türkiyəyə gedəcək.

Bu, ixrac üçün əlçatan qaz həcmlərini artırmağa və Azərbaycanı elektrik enerjisinin böyük ixracçısına çevirməyə kömək edəcək. Əlbəttə, məsələ bu cür layihənin nə dərəcədə qənaətli və səmərəli olacağındadır. Bu layihə ilə bağlı investisiya, xərclər və vergilərin miqdarı müəyyənləşdirilməlidir. Bu, vaxt ala bilər, lakin əminəm ki, heç olmasa müəyyən qədər alternativ enerjini Azərbaycanda istehsal etmək, bu ölkədə, Qafqazda istehlak etmək, eləcə də Avropaya ixrac etmək mümkündür.

Qaz kəmərinin profilinin dəyişdirilməsi kimi iqtisadi cəhətdən səmərəli nəqliyyat tədbirləri görüləcəyi təqdirdə Azərbaycan yaşıl enerjini Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər. Bu da Avropada ekvivalent istehsalla müqayisədə, xərcləri azaltmağa imkan verə bilər. Bundan başqa, yaşıl enerji istehsalı iqtisadi cəhətdən səmərəlidir. Onu regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqı bazarına) ixrac etmək və daxili istehlak üçün istifadə etmək məqsədəuyğundur.

Dünya İqtisadi Forumunun (DİF) 120 ölkə arasında enerji keçidinə görə reytinqində Azərbaycan 32-ci yer tutur. DİF-in enerji keçidi indeksinə görə, 2023-cü ildə Azərbaycanın enerji keçidi indeksinin qiyməti 62 olub.

Bundan başqa, ölkəmiz bu sahədə istehsal indeksinə görə 69,6, enerji keçidinə hazırlığa görə isə 50,7 balla qiymətləndirilib. Azərbaycan bu reytinqdə Mərkəzi Asiya, MDB və Cənubi Qafqaz ölkələri arasında lider mövqeyə malikdir. Belə ki, Gürcüstan bu renkinqdə 62-ci, Ukrayna 64-cü, Tacikistan 73-cü, Qazaxıstan 76-cı, Qırğızıstan isə 91-ci yeri tutub.

Cavid Əkbərov, “İki sahil”