10 dekabr 2023 13:51
1960

Sən elə bir zirvəsən... 

Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir. Bir məsələni də qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır.

Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsilin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ərəfədə onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, səhiyyə, ədəbiyyat, incəsənət və s. Müvafiq olaraq təhsil işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz elm və təhsilin savadlı, bilikli, əsl peşəkar müəllim kadrlarının hazırlanması olub. Odur ki, Heydər Əliyevin ən şərəfli vəzifə hesab etdiyi Müəllim adını daşıyanlar ümummilli liderin işıqlı xatirəsini qəlblərinin ən isti guşəsində qoruyub saxlayırlar.

Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliy dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq, yenə də az olar. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Ulu Öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında olub və sovet rəhbərliyinin bu cinayətini pisləyib. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmış, yaranmış vəziyyətdən sui - istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb.

Ulu Öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi, uzaqgörənliyi və heyrətamizliyi. Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də "sülh dili" ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi... - bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi. Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət qrosmeysteri", "siyasət patriarxı"... kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür. Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.

Ümummilli Lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Zaman dəyişsə də, tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Ulu Öndərin «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracam» sözləri bir ömrün hesabatıdır. Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Hər bir Azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. O tarixin sınaqlarından keçən millətin gerçək lideridir! Nə qədər ki, bəşəriyyət var, Azərbaycan var, Heydər Əliyev yaşayır və yaşayacaq. 

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı