22 may 2016 23:57
249

Salyan sakini motosikletdən “avtomobil” hazırlayıb

Salyan rayonunun Şorsulu kənd sakini 39 yaşlı Xalıq Abbasov özünə məxsus motosikletdə qeyri-adi yenilik edib.

AZƏRTAC xəbər verir ki, o, həmkəndlisi Elnur Hümbətovun köməyi ilə 18 gün ərzində motosikletdə ciddi dəyişiklik edərək yeni “avtomobil” düzəldib. Dostlar motosikletə “VAZ-2106” mühərriki, “Niva”nın sürət qutusunu, “Moskviç”in difer və kuzasını quraşdırıblar. Motosikletin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə öz təkəri bağlanılıb. Artıq xeyli vaxtdır ki, Xaliq düzəltdiyi yeni “maşın”dan istifadə etməklə müxtəlif yükləri asanlıqla bir yerdən başqa yerə daşıyır.

Üç yüz kiloqrama yaxın ağırlığı olan yeni motosiklet 2 tona yaxın yük götürə bilir.