2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Əslində, bundan əvvəlki dönəmdə də Prezident seçkiləri növbədənkənar formatda keçirilib. Eyni zamanda, hazırki parlamentdə əslində 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində formalaşıb. Ona görə də mövcud reallıqları qəbul edərək ölkədə Prezidentliyə və parlament üzvlüyünə namizədlik iddiasında olan siyasi qüvvələr və təşkilatlar buna hazır olmalıdırlar.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
Arzuxan Əlizadə qeyd edib ki, seçkilərin növbədənkənar keçirilməsindən asılı olmayaraq elektoratının olduğunu bildirən, iddiasını ortaya qoyan siyasi təşkilatlar buna hazır olmaqla yanaşı, istənilən formatlı seçkilərdə iştirak etməyi tərcih etməlidirlər. Əks halda, bu onu deməyə əsas verir ki, həmin siyasi təşkilatın reallıqda gücü yoxdur və seçkilərdə iştirak etməyi bəhanələrlə ertələyir. Ən pisi isə ondan ibarətdir ki, seçkilərin bütün siyasi təşkilatlar üçün bərabər mühit yaratmadığını elan etmək və keçiriləcək seçkiləri bəri başdan qaralamaq heç bir siyasi təşkilata və onun rəhbərinə başucalığı gətirmir. Bu fakt, həmin qüvvənin elektoratının olmamasından xəbər verir. İstənilən halda seçkilər təyin olunub və hamı üçün bərabər şərait yaradılır.
Partiyanın sədri qeyd edib ki, Azərbaycan qanunvericiliyinin, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraqseçkilərdə iştirak etmək vacibdir. Seçkilərə indidən hər hansı formada qara yaxmaq, bəri başdan seçkilərin nəticələrini şübhə altına almaqda heç bir halda təqdirəlayiq deyil və qəbuledilməzdir.
Yaqut Ağaşahqızı, “İki sahil”