23 may 2016 23:52
235

“Azneft” yanvar-aprel aylarında nə qədər neft-qaz hasil edib?

Yeni özüllərin istismara verilməsi, hasilatın artırılması, gənc kadrların yetişdirilməsi, yeni texnologiyaların mənimsənilməsi kimi məsələlər İstehsalat Birliyinin fəaliyyətində prioritet olub

2016-cı ilin yanvar-aprel ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) bütün idarə və struktur birləşmələrində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib. Cari ilin ötən dövrü ərzində yeni özüllərin istismara verilməsi, hasilatın artırılması, gənc kadrların yetişdirilməsi, yeni texnologiyaların mənimsənilməsi kimi məsələlər İstehsalat Birliyinin fəaliyyətində prioritet olub.

“Azneft” İstehsalat Birliyinin kollektivi yanvar-aprel aylarında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və qarşılarına qoyulmuş hədəfə çatıb. Ümumilikdə 4 ay ərzində neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub.

Belə ki, “Azneft” İB üzrə 2 milyon 86 min ton plan-tapşırığına qarşı, 2 milyon 90,6 min ton neft hasil edilib, Plana 100,2 faiz əməl olunub. Cari ilin 4 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də plan üstələnib. 2016-cı ilin müvafiq dövrü ərzində 1 milyard 391 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 1 milyard 437,1 milyon kubmetrə bərabər olub. Plan 103,3 faiz yerinə yetirilib.

Ötən 4 ayda fəaliyyətsiz quyu fondundan 44 quyu istismara qaytarılıb. Bu quyulardan 3015 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 11215 ton neft alınıb ki, bu da plandan 8200 ton çoxdur.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 162 geoloji tədbir keçirilib. Nəticədə 16785 ton neft hasil edilib ki, bu da plana qarşı 30 tədbir çox və 498 ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə 9479 ton plana qarşı, 12302 ton neft hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 4 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 16 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 14081 ton neft hasil edilib.

Nail Rəhimzadə, “İki sahil”