“SOCAR-AQŞ” 20 saylı stasionar dəniz özülündə 26 saylı quyunu 39.9 dərəcə bucaq altında qazıb
“SOCAR-AQŞ” MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti, quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, onların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla-dəniz” yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
“SOCAR-AQŞ”-dən verilən məlumata görə, müəssisə “Qərbi Abşeron” yatağında 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 736 m olan 26 saylı horizontal quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl, uğurla yekunlaşdırdı.
Məlumat üçün bildirək ki, 26 saylı quyunun qazılmasına aprelin 29-da başlanmışdı. Quyu Qırmaki Dəsti-3 (QD-3) horizontuna maksimum 39.9 dərəcə bucaq altında qazılıb.
Sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan yeni qazılan 26 saylı quyuya 7 düymə istismar kəməri endirilib, 736 metrəyə qazılmış acıq lüləyə isə 4.5 düyüm yüksək keyfiyyətli süzgəclər buraxılıb. Bu süzgəclərin quyuya buraxılması onun məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və stabil hasilatın təmin edilməsinə imkan verəcək.
Dəyərlərinə daim sadiq qalan “SOCAR-AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə sifarişçiyə təhvil verəcək.
Orxan Vahidoğlu, “İki sahil”