“Dairə və məntəqə seçki komissiyalarının polisin səlahiyyətləri çərçivəsində qaldırdığı məsələlər aktiv şəkildə həllini tapacaq”.
“İki sahil”in xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, "exit-poll"a mane olan tədbirlərin qarşısı dərhal alınacaq:
“Səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılması prosesində məntəqələrin mühafizəsi təmin ediləcək. Bütövlükdə DİN-in şəxsi heyəti qarşıya qoyulmuş bütün vəzifələri tam həcmdə yerinə yetirəcək. Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür. İnzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək. Profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb".