Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
2023-cü ildə Azərbaycan dövlət quruculuğu prosesi uğurla davam etdirilib. Şübhəsiz ki, bu mərhələnin əsas nailiyyəti, təməl daşı bütün ərazilərimizdə suverenliyimizin tam bərpa edilməsidir. Axı son onilliklərdə dövlət resursları daha çox bu problemin həllinə yönəldilmişdir. Bu gün isə vektor dəyişib. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu il Xankəndidə Azərbaycan bayrağını ucaltması ilə Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini çevirdi. Bu gün üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Azərbaycan üçün hazırda Qarabağ məsələsi regionun iqtisadiyyatını bərpa etmək və artıq start verilən Böyük Qayıdış proqramını həyata keçirmək kimi vəzifələrdən ibarətdir. Ermənistanla münasibətlərin nizamlanması isə Qarabağın azad edilməsi məsələsindən birdəfəlik ayrılıb və artıq bu məsələ Azərbaycanın xarici siyasətin əsas istiqaməti deyil. Eyni zamanda, bu o demək deyil ki, biz rahat oturub, əldə etdiyimiz uğurların yalnız bəhrəsindən faydalanmalıyıq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.
Deputat qeyd edib ki, bu gün dünyada və regionda çoxsaylı siyasi və hərbi böhranlar baş verir, müxtəlif çağırışlar mövcuddur. Ukraynada gedən müharibə Avropa üçün risk yaratmaqda davam edir. Yaxın Şərq isə yenidən açıq münaqişə bölgəsidir. Bundan əlavə, dünya dövlətləri qlobal iqtisadi çətinlik çağırışı ilə üz-üzə qalıblar. Aİ-yə üzv ölkələrin əksəriyyətinin iqtisadiyyatı durğunluq içindədir. ABŞ-da qızğın seçki kampaniya gözlənilir. Eyni zamanda, bu seçkinin Amerika tarixində ən çətin və mürəkkəb kampaniyalardan biri olacağı proqnozlaşdırılır.
Cənab Prezidentin ölkə konstitusiyasına tam uyğun olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü bu fonda tamamilə məntiqlidir. Legitim və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın bu yeni mərhələyə daxil olduğu zaman, sabit siyasi sistem və proqnozlaşdırıla bilən kursun davam etdirilməsinə imkan yaradacaq. Eyni zamanda, prezident seçkilərinin keçirilməsi həm də ölkə daxilində idarəçilik islahatlarının davam etdirilməsinə yol açır. Daha əvvəl qeyd etdiyim kimi, bu gün dünya qeyri-sabitdir və biz ölkə olaraq dövləti və onun institutlarını gücləndirməkdə davam etməliyik. Bunsuz işlək olmayan beynəlxalq hüquqi mühitdə heç kim xalqımızın təhlükəsizliyinə və firavanlığına təminat verə bilməz. Seçkilərin vaxtı isə bu məntiqə tam uyğundur. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Nigar Arpadarai bildirib ki, Prezident İlham Əliyev müasir dünyada ən təcrübəli və uğurlu siyasətçilərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, müstəqil siyasət yürütməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və bütün çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi Vətən sevgisi, yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Prezident xalqı bir yumruq olaraq birləşdirə bildi, eyni zamanda, Azərbaycanı qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevirdi. Bu gün əminliklə söyləmək olar ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da qarşıya qoyulan bütün hədəflərə şərəflə nail olacaq.
Cavid Əkbərov, "İki sahil"