25 may 2016 21:57
338

İsmayıllının Sumağallı kəndinə ilk dəfə təbii qaz verildi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Mayın 25-də İsmayıllı rayonunun Sumağallı kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. Mərasimdə bildirilmişdir ki, 301 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 17196 metrlik metal borulardan istifadə olunmuş, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Birliyin Baş direktoru Əkbər Hacıyev çıxış edərək sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik etmiş, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində ölkəmizin yaşayış məntəqələrində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. 

Sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.