Şəbəkəni ifşa edən Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdə heç bir təxribat planının reallaşdırılmasına imkan verməyəcək
Fransanın adı tarixə dünyanın üçdə birini işğal etmiş barbar ölkə kimi düşüb. Tarixt faktlardan da görünür ki, 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Bu gün də bu ölkənin öz sərhədlərindən min kilometrlərlə aralıda müstəmləkələri mövcuddur. Məhz belə bir barbar və müstəmləkəçi tarixi olan ölkənin bu gün ədalət, demokratiya dərsi keçmək cəhdi öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarmasına bənzəyir.
Bəli, vaxtıilə dünyanın üçdə birini işğal etmiş və hələ də müstəmləkə altında saxladığı ölkələrdə milli azadlıq hərəkatlarını silah gücünə yatıran Fransa bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına mane olmağa çalışır. Eyni zamanda, 30 ildən artıq davam etmiş Azərbaycan- Ermənistan münaqişəsində daim ermənipərəst mövqe sərgiləyərək ölkəmizə qarşı ədalətsiz qərarların qəbul olunmasına çalışan Fransa hələ də «qoca qitə»nin demokratiya buxovuna çevrilib. Təbii ki, Fransanın ermənilərə sevgisi səbəbsiz deyil: onlar eyni xislətin və barbarlığın daşıyıcılarıdır. Hər iki dövlət həmişə beynəlxalq hüquqa hörmətsizlikləri ilə, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törətməklə tarixdə iz buraxıblar.
Fransa casus şəbəkəsinin ifşa olunması faktı bu dövlətin və hazırda ona rəhbərlik edən Makron diktaturasının iç üzünü ifşa edib. Bir daha təsdiq olunub ki, Makron diktaturası beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara ən yaxşı halda hörmətsizlik edərək öz çirkin maraqlarının reallaşdırmağa cəhdlər edib. Dövlətlərin daxili işlərinə qarışmağa çalışaraq, bunun üçün müxtəlif çirkin vasitələrdən istifadə edən Paris Azərbaycan təhlükəsizlik orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatla ifşa olunub. Nə baş verir?
Fransanın agentura şəbəkəsi necə ifşa olundu?
Xatırladaq ki, Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.
İflasa uğrayan xarici siyasət: Afrikadan qovulan Fransa
Diqqət edək. Fransa Vətən müharibəsindən sonra ardıcıl şəkildə anti-Azərbaycan siyasət həyata keçirir. Bütün platformalarda ölkəmizin əleyhinə fəaliyyət göstərən Parisin bu siyasəti regionda sülhə qarşı ən böyük təhdiddir. Bu siyasət bir daha təsdiq edir ki, hələ keçmiş münaqişə dövründə danışıqlarıda müsbət irəliləyişin olmamasının səbəblərindən biri Fransanın destruktiv mövqeyi olub. Amma Azərbaycan güclü və müstəqil siyasət həyata keçirərək münaqişəni öz gücü ilə həll etdi. Bu isə Parisin, Makron diktaturasını qane etmir. Makron hakimiyyəti Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Bakının artan beynəlxalq nüfuzu, qlobal səviyyədə artan təsir imkanları, ədalətli və beynəlxalq hüquqa əsaslanan siyasət və Fransa müstəmləkəçliyindən əziyyət çəkən xalqların səsinə çevrilməsi Makronu özündən çıxarıb. Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər uzanan bu çirkin siyasətlə Fransa Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozub. Saxta demokratiya maskası altında gizlənən Fransa o qədər çirkinləşib ki, beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui-istifadə edərək ayrı arı dövlətlərim daxili işlərinə qarışmağa cəhdlər edərək, müxtəlif təxribat planları həyata keçirir. Son aylarda Fransa koloniyaları Azərbaycana haqq səslərini dünyaya yayan ümid yeri kimi baxırlar. Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğradığı kimi Afrika qitəsindəki siyasəti də iflasa məhkumdur. Xüsusilə son aylarda anti-Fransa əhval-ruhiyyəsi o qədər güclənib ki, Makron diktaturası nə oyundan çıxır-çıxsın Parisin Afrikadan qovulmasının qarşısını ala bilmir. Makron hakimiyyətinin həyata keçirdiyi siyasət Fransanın ayrı-ayrı regionlarda, ümumilikdə bütün dünyada mövqelərinə ciddi zərbə vurub.
DTX ölkəmizə qarşı yönələn təhdidi peşəkarlıqla zərərsizləşdirib
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvümdən biri olan dövlətin bu cür səbatsız, beynəlxalq hüquqa zidd siyasəti elə beynəlxalq birlik tərəfindən qınanmalıdır. Fransa casus şəbəkəsinin ifşa edilməsi ilə bağlı istintaq davam edir. Bu məsələ ilə bağlı yeni faktların üzə çıxması ehtimal olunur. Bu faktlar Makron hakimiyyətinə böyük zərbə olacaq. Casus şəbəkəsinin ifşa olunmasında Azərbaycan xüsusi xidmət orqanlarının peşəkar fəaliyyətini qeyd etmək lazımdır. Dövlət Təhlükəsizlik Xidmətinin daxili və xarici təhdidlərin neytrallaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər ölkəmizə qarşı yönələn bu təhdidiləri zərərsizləşdirməyə imkan verir. Azərbaycan xüsusi xidmət orqanlarının Fransa casus şəbəkəsini ifşa etməsi də uğurlu fəaliyyət sırasındadır. Fransa xüsusi xidmət orqanları son 50 ildə belə biabırçı iflasa uğramamışdılar. DTX-nın yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Təhlükəsizlik orqanları dövlətin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıb. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkar heyəti ölkəmizdə heç bir təxribat planının reallaşdırılmasına imkan verməyəcək. Casus şəbəkəsinin ifşası isə Fransa dövləti, Makron diktaturası üçün böyük rəzalət, utanc və rüsvayçılıqdır.
Anar Miriyev, “İki sahil”