Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət başçısı İlham Əliyevə təbrik məktubunda yer alan fikirlər əlaqələrimizin gələcək inkişafının aydın mənzərəsini təqdim edir
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri, eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin şəxsi nüfuzu ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur. Ölkəmizin ikitərəfli əməkdaşlığa verdiyi önəm bu istiqamətdə atılan davamlı addımlardan, qarşılıqlı səfərlərdən aydın görünür.
Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Ölkələrarası münasibətlərin formalaşmasında və inkişafında etimad mühitinin əsas rol oynadığını nəzərə alsaq Azərbaycan daim bu istiqamətdə göstərdiyi səyləri ilə diqqətdə olur.

Dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin doğum günü münasibətilə ünvanlanan təbrik məktublarında əksini tapan fikirlər də Prezidentlərin şəxsi dostluq münasibətlərinin əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynadığını təsdiqləyir.
Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda da bu reallıq xüsusi qeyd edilir ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir.
Bugünün reallıqları ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Dövlət başçısı İlham Əliyev daim iki ölkənin ikitərəfli əlaqələrdə qazandığı nailiyyətləri çox uzun bir yolun başlanğıcı kimi dəyərləndirir. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etdiyini görürük. Əməkdaşlığın gündəliyi genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir. Siyasi, iqtisadi münasibətlər, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Çin-Azərbaycan münasibətlərinin inkişafında nəqliyyat-logistika əməkdaşlığını xüsusi qeyd etmək istərdik. Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verən amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır.
Çin Xalq Respublikasının Sədrinin məktubunda Si Cinpinin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi və Azərbaycan Prezidenti ilə birgə səyləri davam etdirmək istəməsi özünü aydın şəkildə nümayiş etdirir. Əvvəldə də qeyd etdiyimiz kimi, Çin və Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşmasında
Azərbaycan Prezident ilə Çin Sədrinin şəxsi dostluq münasibətləri öz sözünü deyir. “Bir kəmər, bir yol layihəsi” də daxil olmaqla həyata keçirilən birgə layihələr, nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit imkanları bu əməkdaşlığın daha da möhkəmləndirilməsində stimulverici amildir. Çinin artıq super dövlət olmasını, dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilməsini nəzərə alsaq bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Çin münasibətləri ölkəmizin də dünya siyasətində böyük rola malik olduğunu nümayiş etdirir. Azərbaycanın enerji və nəqliyyat imkanları, tarixi Zəfərimizdən sonra yaratdığı yeni reallıqlar xarici siyasət uğurlarımızda öz sözünü deyir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti yeni dostlar, tərəfdaşlar qazandırır. Ən əsası möhkəm təmələ əsaslanan əlaqələrin yeni prioritetlər üzrə inkişafına stimul verir. Bu gün bu etimadı Azərbaycan-Çin münasibətlərində aydın şəkildə görürük. Ölkəmiz öz strateji tərəfdaşlarını düzgün seçir. Hindistana meyllənən Ermənistan yenə məğlub vəziyyətdə qalır.
Ümumilikdə, Çinin böyük dövlət olması və belə bir dövlətlə tərəfdaşlığımızın düzgün seçim olması ölkəmizə dvidentlər qazandırır.
Təbrik məktubunda Si Cinpin onu da bildirir ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq, əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün birgə səylərimizi davam etdirməyə hazıram.
Yeganə Əliyeva, “İki sahil”