Beyləqan, Qəbələ və Göyçay rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib
28 May - Respublika günü ərəfəsində Beyləqan, Qəbələ və Göyçay rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.Tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 333 abonentlik Türklər qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16708 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Qəbələ rayonunun Həmzəlli kəndinə də ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə qeyd olunmuşdur ki, 473 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 30759 metr təşkil edən qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Göyçay rayonunun 82 abonentlik Qəbələ-Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə isə vurğulanmışdır ki, qazlaşdırma işlərində ümumilikdə 9946 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunmuş, birpilləli sistem əsasında daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Çıxış edən natiqlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.