26 dekabr 2023 00:58
3501

2024 - “Yaşıl dünya naminə həmrəylik ili”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür”. Sərəncamda bildirilir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Yaşıl enerji” növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Həmçinin vurğulanır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir. Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin ötən il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin, ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi" imzalanıb. Müqavilənin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaqdır.

Onu da xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il ölkəmizdə keçiriləcək. Bununla bağlı dekabrın 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə bildirildi ki, bu, ölkəmizdə keçiriləcək növbəti beynəlxalq tədbir olacaq. COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi isə ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisidir. Prezident İlham Əliyev tədbirin möhtəşəmliyi barədə demişdir: "Ancaq, təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".

Məlumdur ki, COP29-da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Biz özümüzü ənənəvi enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" ilə təmin etmək üçün əməli addımlar atırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Bu səbəbdən Bakıda və Azərbaycanın regionlarında yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirilmə işləri sürətləndirilib. Həmin müşavirədə bununla bağlı Prezident İlham Əliyev vurğulamışdır: "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".

Sevinc Azadi, “İki sahil”