27 dekabr 2023 13:00
288

Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək

Daxili İşlər Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Bu barədə “İki sahil”ə nazirlikdən məlumat verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.

Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.