27 dekabr 2023 15:00
369

Seçkiləri “boykot” etmək radikalların təxribatıdır

Demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının birinci maddəsi bəyan edir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyamızın ikinci maddəsi isə öz müqəddəratını sərbəst və müstəqil olaraq həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi xalqın suveren hüququ olduğunu təsdiq edir. Həmin maddədə eyni zamanda qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələr vasitəsilə həyata keçirir. Yəni, seçkilər özlüyündə xalq hakimiyyətinin həyata keçirilməsinin ən mühüm mexanizmi və xalqın iradəsinin qanuni formada ifadəsidir,  o cümlədən istənilən ölkədə demokratiyanın başlıca göstəricisicidir.

Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı artıq kifayət qədər təcrübə mövcuddur. Hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu  Ulu Öndər Heydər Əliyevin başlıca məqsədi olmuşdur, azad, şəffaf, demokratik seçkilərin keçirilməsi isə hüquqi dövlətin ən başlıca göstəricilərindən biri olduğundan seçki hüquqlarının tanınması və qorunması, seçki qanunvericiliyinin inkişafı, o cümlədən seçki sistemi ildən-ilə təkmilləşdirilmişdir.

Xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi həmçinin ölkədəki ictimai-siyasi sabitlikdən asılıdır və son nəticədə xalq öz taleyini inandığı, səs verdiyi siyasi qüvvəyə etibar edir. 

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar prezident seçkiləri isə demokratik seçkilərin sadaladığımız bütün bu əlamətdar xüsusiyyətlərindən əlavə ölkəmiz üçün xüsusi tarixi əhəmiyyətə malikdir. Çünki, müstəqil Azərbayxan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Vətən Müharibəsi və Qarabağda uğurla həyata keçirilmiş antiterror tədbirlərindən sonra növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Bu baxımdan 7 fevral prezident seçkiləri Zəfər seçkisi adlandırılır.  Bəs ölkədə fəaliyyət göstərən siyasi partiyaların prezidentliyə namizədlərini irəli sürərək Zəfər seçkilərinə hazırlaşdığı bir vaxtda seçkiləri “boykot” etməyi necə adlandırmaq olar? Bu yalnız siyasi acizliyin,  məğlubiyyətin, sağlam rəqabət aparmaq iqtidarında olmamağın etirafıdır. Bütün partiyalara və namizədlərə bərabər şəraitin yaradıldığı bir mühitdə seçkilərdə iştirak etmək əvəzinə seçkilərin “boykot” edilməsini başqa cür anlamaq mümkün deyil. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub və beləliklə də,  seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkan yaradılıb. Belə bir şəraitdə öz siyasi gücünə, xalq arasında olan etimadına və liderinə güvənən siyasi partiya mütləq seçkilərdə iştirak etməlidir ki, rəqiblərinə qalib gələrək hakimiyyətə gəlmək fürsətindən istifadə etsin. Çünki, Azərbaycanda siyasi hakimiyyətə gəlməyin yeganə qanuni yolu seçkidir. Növbədənkənar prezident seçkiləri isə bütün partiyalara bu imkanı bərabər şəkildə verir.  Bu fürsəti “boykot” etmək isə  heç bir məntiqə sığmır. Bu, yalnız siyasi sabitliyi pozan və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələrə xidmət edən təxribatçı fəaliyyətdir. Həm də seçkilər ətrafında beynəlxalq ajiotaj yaratmaqla seçkidən sonrakı dövrdə təxribatlarını davam etdirmək üçün qərəzli şəkildə seçilmiş destruktiv fəaliyyətdir.

Bir sözlə, radikalların seçkiləri “boykot” etməsi siyasi rəqabət metodu deyil, sağlam düşüncənin, sağlam siyasi iradənin məhsulu da deyil. Təəssüflə bildirirəm ki, bu yalnız belə bir cılız hiyləni öz partiyalarına və liderlərinə layiq görən qüvvələrin ucuz addımıdır. Belə cılız hiylə və təxribatlarla Zəfər seçkilərinə mane olmaq mümkün deyil.  7 fevral 2024 –cü il tarixində prezident seçkiləri baş tutacaq və hər zaman olduğu kimi son sözü yenə Azərbaycan xalqı söyləyəcək.  

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri