27 dekabr 2023 15:56
298

Əli Kərimovun Koçaryan və Sarkisyana heyranlığı ikrah doğurur - AÇIQLAMA

Əli Kərimov kimi milli kimliyindən məhrum olmuş bir şəxsin əli azərbaycanlıların qanına batan Koçaryan və Sarkisyan cütlüyünü öyməsi, onlardan heyranlıqla bəhs etməsi, bu cinayətkarları qalib elan etməsi əlbəttə, insanda ikrah doğursa da, bizi təəccübləndirmədi. Anlayırıq ki, bu, tarixin zibilliyində olan məğlubların həmrəyliyidir.

Bu sözləri “İki sahil”ə Ermənistanın işğalçı siyasəti ilə Azərbaycanın Zəfərini eyniləşdirən AXCP sədri Əli Kərimovun fikirlərinə münasibət bildirərkən millət vəkili Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov vurğulayıb ki, əgər Ə.Kərimov onları qalib hesab edirsə, unutmasın ki, bu cinayətkarlar məhz onun özünün təmsil olunduğu iqtidara qalib gəlib: “Yaxud o torpaqlar Ə.Kərimovun təmsil olunduğu AXC-Müsavat iqtidarının hakimiyyətə gəlməsi və hakimiyyətdə qalması naminə xəyanətkarcasına qurban verilib. Bu gün kim Birinci Qarabağ müharibəsindən dövründən danışır, danışsın Ə.Kərimli və onun kimi ünsürlər bu haqda danışmamalıdır. Hər kəsə aydındır ki, Ermənistanın 90-cı illərdə cərəyan edən proseslər fonunda qələbəsi müharibədə yox, yalnız döyüşlərdəki qələbə idi. Nəticə etibarilə 1994-cü ildə Ulu Öndər Heydər Əliyev proseslərin gedişatını, təşəbbüsləri ələ alaraq döyüşlərdə Azərbaycanın qələbəsini təmin etdi. Beləliklə, Füzuli, Cəbrayıl istiqamətində xeyli torpaqlar, o cümlədən Horadiz qəsəbəsi azad olundu və düşmən atəşkəsə məcbur edildi. Atəşkəs dövründə də Azərbaycan Ordusu, iqtisadiyyatı gücləndi və nəhayət Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Qarabağ münaqişəsinə yekun nöqtəni qoydu. Bu gün biz tariximizin heç bir dövründə olmadığı qədər güclüyük və tariximizin ən böyük qələbələrini qazanmış müzəffər dövlətik. İndi Ə.Kərimov kimi məğlubiyyətlərə öyrəşmiş və daim səsi diblərdən gələn psevdosiyasətçinin bu reallığı qəbul edib-etməməsi nəyisə dəyişmir. Bu kimi ünsürlərin tarixi reallıq fonunda nə bəyanatları, nə də fikirlərinin heç bir önəmi yoxdur.

Sayalı Abasova