“Yaxşı ki, Əli Kərimov kimi adamlar hakimiyyət başında deyil. İnsan nə qədər aşağı səviyyəyə enməlidir ki, öz dövlətinin bu qədər böyük uğurunu şəxsi qərəzindən çıxış edərək belə aşağılasın. Azərbaycanı Ermənistanın ayağına verəcək bir şəxs nə üzlə Azərbaycan cəmiyyətinə xitab edir?! Düşünürəm ki, Əli Kərimov bu sözləri deyərkən bir də dönüb özünə baxmalı və hesabat verməli idi. İddia edir ki, ermənilər Yevlaxa qədər gələcəkdilər. Bəli, elə planlar vardı. Lakin onların nəyin hesabına belə planları vardı? Bu, məhz Əli Kərimovun da təmsil olunduğu hakimiyyətin dövləti idarə edə bilməməsinin nəticəsi idi”.
Bu sözləri “İki sahil”ə Ermənistanın işğalçı siyasəti ilə Azərbaycanın Zəfər savaşını eyniləşdirən AXCP sədri Əli Kərimovun fikirlərinə münasibət bildirərkən siyasi şərhçi Azər Həsrət deyib.
O, həmçinin bildirib ki, sözügedən dövrdə Azərbaycandakı hərc-mərclik, hakimiyyətsizlik vəziyyəti o həddə çatdırmışdı ki, Ermənistan ərazilərimizi işğal etməkdə davam edirdi: “Vəziyyəti belə görəndə bu adamlar Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər ki, Azərbaycanı xilas etsin. İndi aradan 30 ilə qədər müddət keçdikdən sonra o, belə sərsəm siyasi fikirləri gənclərin beynini pozmaq üçün tirajlayır. Düşünürəm ki, Azərbaycanın televiziya kanalları məhz Əli Kərimovun dövründəki bərbad idarəçiliyi ona xatırlatmalıdır. Bu idarəçiliyin nəticəsi idi ki, ölkədə nə ordu, nə iqtisadiyyat, nə də vətəndaş həmrəyliyi vardı. Bütün bunların qarşısını Heydər Əliyev aldı. O Heydər Əliyev ki, məhz Əli Kərimovun lideri Əbülfəz Elçibəy onu Bakıya dəvət edərək könüllü şəkildə hakimiyyəti təhvil verdi. İndi bu adam Azərbaycanı Ermənistanın ayağına verir. Belə şəxslər ümumiyyətlə, siyasətdə olmamalıdırlar. Onlar cəmiyyətdən təcrid olunmalıdırlar. Onların zərərli fikirlərinə əsla meydan vermək olmaz”.