ABŞ-ın Energetika Nazirliyinin hesabatında xam neft ehtiyatlarının 4,2 milyon barel azalması barədə informasiya yer aldıqdan sonra “Brent” markalı neftin qiyməti 2 faiz artmışdır. Beləcə, neft birjalarında neft ehtiyatlarının 2,5 milyon barel azalması barədə verilən proqnozlar özünü doğrultmamışdır. Ekspertlərin fikrincə, bu amil özlüyündə neft bazarında tələb və təklif arasında sabitliyin başlanğıcı kimi qiymətləndirilə bilər və neftin qiymətinin hətta 60 dollara yüksəlməsinin, necə deyərlər, yolu açılmış olar. Bundan başqa qeyd etmək lazımdır ki, son həftə ərzində ABŞ sutka ərzində neft hasilatını 24 min barel azaltmışdır ki, bu da neftin qiymətinə təsirsiz ötüşə bilməzdi. Digər tərəfdən, Amerikanın yanacaqdoldurma məntəqələri yanacağa tələbatın azalmasından ehtiyatlanırlar. Üstəlik mayın 30-u ABŞ-da bir qayda olaraq Xatirə günü kimi qeyd olunur və avtomobil səfərləri mövsümünün başlanması ilə əlaqədar həmin gün benzin ehtiyatlarının azalması onun qiymətinə təsir etməyə bilməz.
“For Trader.org.” jurnalının ekspertlərinin fikrincə, OPEK-in iyunun 2-də, habelə Federal Ehtiyatlar Sisteminin iyunun 15-də keçiriləcək iclaslarının, Böyük Britaniyada iyunun 23-nə nəzərdə tutulan referendumun yaxın vaxtlarda neftin qiymətinə birbaşa təsir edəcəyi gözlənilir.
Çox təəssüf ki, dünyanın iri neft hasilatçıları arasında Səudiyyə Ərəbistanı, İran İslam Respublikası kimi nəhəng müsəlman ölkələri olsa da, qarşıdan gələn müqəddəs Ramazan ayının neftin qiymətinə təsirindən söhbət getmir. Görünür, burada da Qərbin ənənəvi ikili standart siyasəti özünü büruzə verir.
Akif Əhmədgil, “İki sahil”