19 yanvar 2024 11:40
289

Küveytdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində bu ölkədə yaşayan və çalışan icma üzvlərinin, həmçinin Küveytdə təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Emil Kərimov Azərbaycan xalqının tarixinə hüzn və qəhrəmanlıq günü kimi daxil olmuş Qanlı Yanvar hadisələri ilə bağlı çıxış edib.

Səfir çıxışında ötən əsrin sonlarında - SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin Azərbaycana qarşı növbəti ərazi iddiaları qaldırmaları, Azərbaycanın tərkibində muxtar bir ərazi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etmələri, eyni zamanda Topxana meşəsindəki ağacların qırılması və Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsinin xalqımızın haqlı narazılığına və etirazlarına səbəb olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, hələ 1987-1988-ci illərdə Ermənistandakı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. Bu, azərbaycanlıların bir əsrdə dördüncü dəfə məruz qaldıqları kütləvi etnik təmizləmə siyasəti idi. Həmin illərdə Sovet İttifaqının lideri olan Mixail Qorbaçov gərginliyi sakitləşdirmək əvəzinə, erməni separatçılarına dəstək verirdi.

Səfir çıxışının davamında 20 Yanvar qətliamının nəticələrinə toxunaraq, bu görünməmiş qanunsuz akt nəticəsində 147 nəfərin həyatını itirdiyini, 744 nəfərin ağır xəsarət aldığını, 400 nəfərin həbs olunduğunu və 4 nəfərin itkin düşdüyünü qeyd edib. Belə ki, öldürülən dinc sakinlər arasında uşaqlar, yaşlılar və qadınlar olub. Hərbi əməliyyat SSRİ və Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyalarının, habelə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın kobud şəkildə pozulması demək idi.

E.Kərimov 21 yanvar 1990-cı il tarixində KQB-nin nəzarəti altında Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin öz həyatı üçün təhlükəyə məhəl qoymadan Azərbaycan SSR-nin Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, minlərlə insan qarşısında çıxış etməsi və etnik azərbaycanlıların qətlinə görə SSRİ kommunist liderlərini sərt şəkildə qınaması barədə danışaraq qeyd edib ki, rejimin əleyhinə ilk açıq bəyanat bu hadisə ətrafında informasiya blokadasını qırmaqla yanaşı, həm də azərbaycanlıların qəlbində inam hissini gücləndirdi.

Səfir çıxışına davam edərək Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyətləri dövründə Azərbaycan Respublikasının 20 Yanvar şəhidlərinin ailə üzvlərinə göstərdiyi qayğı və yaradılan şərait barədə məlumat verib.

O, eyni zamanda Azərbaycan xalqının bu hadisələri unutmayacağını və azadlıq uğrunda canlarını fəda edən Vətən oğulları və qızlarının Azərbaycan tarixinə ən parlaq bir səhifə yazdıqlarını vurğulayıb.

Tədbirdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 20 Yanvar faciəsinin ümumxalq matəm olması ilə yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstəricisi olduğunu diqqətə çatdırıb. İcma sədri qalib ölkənin qalib vətəndaşı olması ilə qürur duyduğunu vurğulayaraq, bir daha ölkəmizin başını qara buludların almamasını arzu etdiyini bildirib.

Çıxışdan sonra tədbir iştirakçıları Qanlı Yanvar hadisələri barədə Azərbaycan dövlət televiziyasının istehsalı olan "Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" adlı sənədli filmə baxıblar.

Bununla yanaşı, tədbirin keçirildiyi zalda fotostend quraşdırılıb, müxtəlif dövrlərdə nəşr edilmiş kitab və jurnallar təqdim edilib.

Səfirlik tərəfindən yerli KİV-lərə ərəb dilində məlumatlar, eyni zamanda, Küveyt XİN-ə, eləcə də Küveytdə akkreditə olunan səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə 20 Yanvar faciəsi barədə mətbuat açıqlaması göndərilib.