20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyində anım tədbiri təşkil olunub.
“İki sahil” xəbər verir ki, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) ilə birgə təşkil olunan tədbirdə Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Tahir Tağızadə 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. Diplomat həmin çətin gündə Ümummilli Lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqının yanında olmasını nümayiş etdirməsinin təkcə möhkəm siyasi iradənin deyil, yüksək vətənpərvərlik hisslərinin göstəricisi olduğunu vurğulayıb. Səfir bu faciəyə müstəqil Azərbaycanda məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Sonra 20 Yanvar faciəsinə həsr edilmiş qısa film nümayiş olunub.
Daha sonra Budapeştdə təhsil alan azərbaycanlı gənc Nazim Musabəylinin Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından ilhamlanaraq yazdığı “Partlayışa az qalmış...” tamaşası təqdim olunub. Tamaşada rolları Macarıstanda təhsil alan azərbaycanlı gənclər və Budapeştdəki Rus Teatrının aktyorları ifa ediblər.