27 fevral 2018 23:53
2627

İLK TÜRKÜN ANA VƏTƏNİ VƏ NAXÇIVAN

Hələ islamiyyətdən əvvəl yeri-göyü bütün varlıqları yaradan bir “Tək Tanrı” olduğuna inanan türk milləti milyonlarca məzlum insanları qul edib, onları məhv edən özlərini Allah elan edən Nəmrud, Şəddad, Firon, Dağyanus kimi zalım hökmdarlara qarşı mübarizə aparmış, insanlara səadət azadlıq firavan həyat yaratmışlar.

“Gəmiqaya”da həkk edilmiş günəş və ortasında dünyanın dörd cəhətini göstərən xətlər türk dövlətinin simvolunu (gerbini) əks etdirir.

Əsrlər keçdi, ulu türkün nəslindən olan Qara xanın barıgahında bir övlad dünyaya gəldi. Adını Oğuz qoydular. Rəvayətlərə görə, ruhunda tək Tanrı inamı olan Oğuz anası tək Tanrı inamını qəbul etməyincə onun südünü əmməmişdir. Oğuz tez bir zamanda el arasında bir qəhrəman kimi sevildi. Xalq arasında heç yenilməz Tanrı qəhrəmanı ifadə edən Alp Ər Tunqa deyə adlanırdı. “Ajun bəyi” Yəni dünya hökmdarı deyə adlandırıldı. O, geniş yayılmış türk xanlıqlarını, bəyliklərini bir araya toplayaraq böyük Oğuz türk dövləti yaratdı, Tanrının iradəsi ilə böyük türk xaqanı oldu. Oğuz Kağan böyük türk millətinin babası kimi şərəfləndi. Adına “Oğuznamə”lər, dastanlar yazıldı, əfsanələr yaradıldı. Peyğəmbərimiz  (s.ə.s) hədislərinin birisində buyurmuşdur. Cənab Allah buyurur: “Mənim Türk adını verdiyim bir ordum var. Zalımlara qarşı mübarizəni onlara tapşırmışam.” Lazım olduqda onları zalımların üzərinə saldıraram. Peyğəmbərimizin (s.ə.s) hədislərində yenə deyilir. “Siz türklərə toxunmadıqca onlar sizə toxunmazlar”. “Türk dilini öyrənin, onların hökmranlığı, səltənəti uzun sürəcəkdir”.

Türk milləti tək Tanrıya inanmış, Tanrının onlara göstərdiyi yolları əmrləri sədaqətlə yerinə yetirmişlər. Məhz buna görə də türk tutduğu əsiri, müharibə dövründə tutduğu yerlərdə, dinc əhaliyə toxunmaz, qocaları, qadınları, uşaqları öldürməzlər. Türk milləti bütün dinlərə, dillərə hörmət etmişdir. Bütün bunlara baxmayaraq erməni daşnakları bu həqiqətə göz yumaraq türk millətinə qarşı yalanlar, böhtanlar yağdırmaqla özlərinin xəyanət və cinayətlərini ört-basdır etməyə çalışırlar. Qədim türk- oğuz yurdu olan Naxçıvanda da köçüb gəlmiş ermənilərə həmişə hörmət edilmişdir.

Naxçıvan müqəddəs bir şəhərdir. Burada “Əshabi-Kəhf” oldu dünyaca tanınmış ziyarətgah vardır ki, adı Quran-i Kərimdə zikr olunur. Bu məkan haqqında xeyli əfsanələr, rəvayətlər yaranmışdır. Əsrlər boyu ziyarətgah olmuş Nuh peyğəmbərin məzarı da Naxçıvan yaxınlığındakı “Köhnə qala”dadır. Bu müqəddəs məkan haqqında da mənbələrdə çoxlu qeydlər vardır. Bir rəvayətdə deyilir ki, Nuhun gəmisi Naxçıvanın Ordubad qəzasında dəniz səthindən 3907 m yüksəklikdə olan “Gəmiqaya” dağının ən yüksək zirvəsi olan “Qapıcıq”da (Qafucud)da torpağa oturmuşdur. Cənab Allah mərhəmət etmiş, gəmidəki insanlar amansız tufan təhlükəsindən xilas olmuşlar. Bu barədə Quran-i Kərimdə deyilir:

“Biz Nuhu və onunla birlikdə olanları (tufan bəlasından) qurtardıq və bu hadisəni aləmlərə (sonrakı nəsillərə) bir ibrət etdik”.

Sular çəkildikcə Nuh ailəsi ilə bərabər gəmidəki insanlar Gəmiqaya dağının geniş sahələrində məskun olmuşlar. İndi buradakı uçmuş ev qalıqları, məzarlıqlar, buradakı qayalıqlardakı çəkilmiş şəkillər insan, heyvan rəsimləri, piktroqrafik rəsmlər onların burada uzun müddət yaşadıqlarını göstərir. Sular tam çəkildikdən sonra Nuh ailəsi ilə birlikdə ətrafı qalın hasarlar ilə hasarlanmış (indi köhnə qala) qədim yaşayış yerində məskən salmışdır. Qalan tayfalar Ordubad və Əlincə mahalına çəkilib orada yaşamışlar.

Qeyd edək ki, naxçıvanlılar öz ulu əcdadlarının “Gəmiqaya”da məskunlaşmaları tarixini unutmamışlar, hər il yazın ilk günlərində Novruz bayramında, müqəddəs günlərdə “Gəmiqaya”ya gedib ulu əcdadlarının məzarlarını ziyarət edib qurban kəsib ehsan verər, ziyafətlər təşkil edərdilər. Burada Nuh peyğəmbərin anası, xatunu, qızı, və Ham, Sam, Yafəs adlı oğulları yaşamışlar. Nuhun anası Mərənd şəhərində vəfat etmiş və oradakı Mandakarna “Nuhun anasının məzarı”  mənasını ifadə edən türbədə dəfn edilmişdir. [Mərənd şəhəri məhz Nuhun anasının adınadır]. Xatunu əlincə mahalında Əlincə dağının ətəyində dəfn edilmişdir. Qızı Naxçıvanda şəhər kənarındakı qadınlar, qızlar üçün mötəbər ziyarətgah olan “Ana abidəsinin yanında” dəfn edilmişdir, üzərində gözəl bir türbə yüksələn bu abidə birinci cahan müharibəsində -1914-cü ildə əsgər yataqxanası tikilərkən sökülüb dağıdılmışdır. Nuh oğlu Hamı Hindistana, Samı isə Ərəbistana göndərmiş ən çox sevdiyi oğlu Yafəsi də ömrünün sonuna qədər Naxçıvanda (Nuhtabanda) saxlamışdır. Yafəs Nuhtaban yaxınlığında “Əshabu-Kəhf”ə gedən yolda Yafəs adlı şəhər inşa etdirmişdir. Buraya Əfsus Afasos, Əfəs və Yafəs adları verilir. Səyyahlar bu şəhərin xarabalarını öz xatirələrində qeyd etmişlər.

Nuhun həyatının son zamanlarında oğlu Yafəs atasına deyir ki, Səndən sonra bu ölkəni düşmənlərdən qorumaq üçün mənə bir hikmət  ver. Bir neçə gündən sonra Nuh peyğəmbər yazmaq üçün bir daş lövhələr üstündə “Türk” sözünü yazaraq Yafəsə vermişdir. Yafəs bu hikmətin sirrini soruşduqda atası demişdir. Bu adı Tanrı özü mənə təlqin etdi və dedi ki, mən Yafəsə bir oğul verəcəyəm, adını da mən verirəm O, Türk olacaq. Türk yalnız sənin ölkəni deyil, bütün dünyanı zülmdən, əsarətdən xilas edəcək, dünyanı cəhalət və nadanlıqdan xilas edəcək, insanlığa səadət yolunu göstərəcək və dünyanı işıqlardıracaq. Zaman keçdikcə Yafəsin birinci oğlu dünyaya gəldi. Gözəllik, igidlik mənalarını ifadə edən türk adını qoydular. Nuhtabanda  “Naxçıvan”da artıq bu dünyanı işıqlandıran günəş doğdu. Birinci türk Azərbaycan torpağında-Naxçıvanda doğuldu.

İlk türkün Naxçıvanda doğuşunu təsdiq və təsbit edən Naxçıvanda çoxlu abidələr, qalalar, kitabələr, folklor nümunələri vardır. Türkün birinci oğlunun adı mənbələrin qeydinə görə Əlincə xan olmuşdur. Məşhur Əlincə qalası və

Əlincə dağı türkün birinci oğlunun adını daşıyır. Naxçıvan şəhəri ilə “Əshabi-Kəhf” arasında Yafəsin inşa etdirdiyi Yafəs şəhərinin xarabaları səyyahların nəzərindən qaçmamışdır.

“Dədə Qorqud” dastanında Qazan xan düşmənlə vuruşduğu zaman köməyə gələn oğuz bəylərinin “Ağam çal gəldim” səsləri ilə həmahəng “Çal xan” gəldim səsindən yaranmış “Çalxanqala”, “Gəmiqaya”, “İlanlı dağ”, “Fərhad evi” də bu qəbildəndir.

Nuhun vəfatından sonra Nuhtabanda - Naxçıvanda (Köhnə qalada) bu mərasimləri davam etdirmişlər. Nuh Peyğəmbər yaşadığı Köhnə qala “Nuhdaban” və ya “Nuhtaban” (İşıqsaçan) adlanmışdır. Mərasim Nuh Peyğəmbərin “Türk” adı yazdığı daş (Əlincə qalasında mühafizə olunurdu). Hər il Əlincədən Nuhtabana gətirilib, Nuhun məzarı üzərinə qoyulması ilə başlanardı.

Mərasimin keçirilməsi haqqındakı təfsilatdan öncə mərasimə verilən adları nəzərdən keçirək. Bu mərasimə Nuhdaban mərasimi adı verilirdi. “Daban” sözü, məskən, məkan mənasında işlənən türkcə bir sözdür. Köhnə qala Nuhun ilk məskəni olduğundan bu mərasimə Nuhdaban demişlər. Nuhutaban deyilməsi “Taban” sözü işıqlı, işıq saçan deməkdir. Bu isə Nuhun məzarına işarədir. Mərasimə Həzaranpir deyilməsi daha əlamətdardır. Həzar farsca min (1000) deməkdir. Həzaran minlər mənasında işlənir. Həzaran yəni 1000 “yaşlıların” 1000 “yaşlısı” mənasını ifadə edir. “Pir” Qoca, mürşid, rəhbər və Peyğəmbər mənalarına malikdir. Həzaranpir yəni 1000 yaşlıların 1000 yaşlısı qocası Nuh Peyğəmbər nəzərdə tutulur.

Quran-i Kərimdə Allah buyurur: “Biz Nuhu öz tayfasına Peyğəmbər göndərdik. Nuh onların arasında 1000 ildən əlli-əskik, (950) il yaşadı, qaldı”

Quran-i Kərim, Əl Ən Kəbut surəsi 29 ayə 14.

Xalq arasında işlənən Həzaranpir, yəni 1000 yaşlıların, 1000 yaşlısı qocası sözü Quran-i Kərimin bu aiyəsindən qaynaqlandığına heç şübhə yoxdur.

Bəli, mart ayının ilk günləri Nuhtabanda min yaşlıların min yaşlı Peyğəmbəri mərasimini keçirmək üçün Naxçıvan diyarının və Naxçıvan şəhər məscidinin baş ruhanisi qazi Əbdül Kərim ağa Qazızadənin başçılığı ilə din xadimlərindən şəhərin mötəbər şəxslərindən xan bəylərdən, müəllim və  ziyalılardan ibarət bir milli dini heyət mərasimdən bir gün əvvəl faytonlar və atlarla Əlincə qalası ətəyindəki Nəiminin türbəsi yanındakı məsciddə mühafizə olunan Nuh Peyğəmbərin üstündə “türk” adını yazdığı daşı Nuhtabana gətirməyə gedərdilər. Qeyd edək ki, bu hikmətli daş türkün birinci oğlu Nuh Peyğəmbərin nəticəsi Əlincə xanın Əlincədəki iqamətgahında onun buradakı xəzinəsində saxlanmışdır. Əlincə xandan sonra gələn türk xaqanlarının atabəyləri sarayları xəzinəsi orada olmuşdur. Onlar da bu tarixi daşı qoruyub saxlamışlar. İslamiyyət dövründə Əlincə qalası ətəyindəki məsciddə məscidin ruhani heyətinin mühafizəsinə verilmişdir. Xatırladaq ki, bu daş 1917-ci ilə qədər orada olmuşdur.

Sonra xalq oyunları, aşıqların deyişməsi, camaatın “Yallı” rəqsi oynaması, qurbanlar kəsilər, ehsanlar verilər və s. ziyafətlər təşkil edərdilər. Qeyd edim ki, bu ziyafətə Şölən deyərdilər. Halal Tanrı nemətlərindən hazırlanmış və Pir Mürşid Peyğəmbər xaqan tərəfindən verilən ziyafətə şölən deyərdilər.

Keçmişdə Naxçıvanda Bektaşilərin zaviyyəsində (məclisində) məclisə gələnlərə şölən-ziyafət verərdilər. Yeməkdən öncə türkcə şeirlə mürşidin başçılığı ilə “Süfrə başı” duasını söyləyərdilər və duanın son beytini mürşid özü tək söylərdi. O belə idi: Sevgi sayqı əsasında qurulmuşdur yapımız.

Tanrı vermiş halal nemət süfrəmizə,  yiyənlərə nur bəxş edər,

Əppəyimiz aşımız.

Naxçıvanda olan hürufilərin xanəgahında və pir xamuşilərin (pirqəmiş) təkkəsində də bu ənənə icra olunardı.

Uzun zaman keçsə də Nuhdaban mərasimi unudulmadı.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı Sərəncama əsasən, Nuhun məzarının və ilk türkün anıt xatirə məzarının bərpa edilməsinə böyük diqqət və qayğı göstərildi. Nuhun məzarı görkəmli rəssam Bəhruz Kəngərlinin (1892-1922) çəkdiyi “Nuhun məzarı” şəkli əsasında bərpa edildi.

Adını Tanrı vermiş millət ölməz. Türklük ölməz. Bu gün dünyada hörmət, şərəf və ləyaqəti ilə tanınan Mustafa Kamal Atatürkün yaratmış olduğu Böyük Türkiyə Cümhuriyyəti başda olmaqla 7 müstəqil dövləti və bir neçə Muxtar Türk Respublikası və vilayətləri vardır. O 7 müstəqil dövlətlərdən birisi də müstəqil Azərbaycan Respublikasıdır. Türk-islam dünyasının düşmənləri zaman-zaman türk millətini parçalayaraq onları əzmək, yox etmək üçün müxtəlif adlarla bir-birindən ayırmağa cəhd göstərmişlər. Fəqət onlar bu mənfur niyyətlərinə nail ola bilməmişlər. Türk milləti hər zaman ruhən bir olmuş, milli və mənəvi varlıqlarını, birliklərini qorumuşlar. Bu sahədə Azərbaycan-Türkiyə əlaqələri həmişə möhkəm və sarsılmaz olmuşdur.

Əkrəm Hüseynzadə,

AMEA Naxçıvan Bölməsi