27 fevral 2018 15:40
2649

NOVRUZDA SU İNANCLARI

Azərbaycanda və xüsusilə Naxçıvanın ətraf bölgələrində yaşayan xalqların istər mədəniyyətlərində, istərsə də xalq inanclarında mifoloji nümunələr Nuh Nəbi dövrünə gedib çıxır.   

Qurani-Kərimdə adı keçən və inanca görə, 7500 il bundan əvvəl yaşanmış hadisədə Nuh və ona inananların olduğu gəmi ilk fədə Naxçıvanda-”Gəmiqaya”da quruya çıxmışdır. Əfsanəyə görə Nuhun gəmisinin Ağrı dağı yönündən gəldiyi daha inandırıcı olmuşdur ki,  bu da ilk türkün ana Vətəni və insanlığın başlanğıcı hesab edilən yer-məkan məhz Naxçıvandır.   

Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm bir hissəsini əhatə edən Naxçıvan folkloru adət-ənənələri ilə zənginliyini ta qədimlərdən bəri qoruyub saxlamışdır.

Naxçıvanda qədim zamanlarda “Su günü” deyiləndə (Şənbə günü) nəzərdə tutulurdu. Bundan başqa, həftənin digər günləri də belə sıralanarmış:

“Yel günü” (Bazar ertəsi); “Süd günü” (Çərşənbə axşamı); “Duz günü” (Çərşənbə); “Torpaq günü” (Cümə axşamı), “Od, atəş günü” (Cümə dünü); “Su günü” (Şənbə) və “Arınc günü” (Bazar günü)nə deyirmişlər. “Su günü”ndə ağaçlara, əkin sahələrinə, evə, bağçaya, ninə və s. su çilənərdi. Belə ki, bu inam suyun canlıları, heyvanları, əşyaları paklandığından və ürəklərinə su səpildiyi halda onlardan heç bir zaman qarğış, bəddua etmədiklərinə inanılırmış.

Xalq yaradıcılığında Su əyası ilə inanclar şifahi xalq nümunələrində göstərilmişdir. Naxçıvanda yaşayan digər inanclar da bir növ kimi bu inanclar islami pərdə ilə örtülmüşdür. Naxçıvanda su Həzrəti Fatmanın kabni və yol isə Həzrəti Əlinin yolu kimi dəyərləndirilir. Hər ikisi də təmiz tutulmalı, onlarla hörmətlə davranılmalıdır. Əks halda Allah tərəfindən cəzalandırılacaqlarına inanırlarmış. Naxçıvanda su ilə bağlı pirlər daha geniş və məşhurdur. Türk xalqlarının çoxu suyu təməl başlanğıc hesab etmiş, öz inamlarında da bunu ön planda tutmuşlar. Yeni başkurd gəlinləri qayınatalarının su içdiyi bulağa pul atardı.  Naxçıvanda Xıdır Nəbi bayramında qızlar, gəlinlər axşamdan çoxlu duzlu yemək yeyər və heç su içməzlərmiş. Gecə yuxudaykən Xıdır onlara su verərdisə demək ki, onlar niyyətlərinə çatardılar.

Naxçıvanın Culfa rayonunun Teyvaz kəndində yağış pirində yağış daşı vardır. Quraqlıq zamanı o daşı kəndə götürməklə yağış yağarmış. Başqa bir inama görə yağış yağdırmaq daşını Nuh peyğəmbərin oğlu Yafəs veribmiş.

Naxçıvan bölgəsində məşhur olan ata və babalarımızın bizlərə söylədiyi “Çınqıllı bulaq”, “Yeddi bulaq” əfsanələrində müqəddəs su ilə əlaqədar inanclar var. Azərbaycan xalq inanclarından “Üç günlük olmaq” deyə bir xəstəlik vardır. Uşaq və ya anası bulağı murdarlamasına görə su əyası cəza verib onların ağızlarında yaraların çıxmasını təmin edər. Üç günlük xəstəliyinin müalicəsi üçün əlaqədar suya gedib onu salamlayıb ona;

“Salaməleykim sucığaz

Əleykimsalam bucığaz

Dörd tərəfə od düşüb

Dərmanınız bu çığaz” deməli və sudan içməlidirlər.

Su əyası ilə əlaqədar daha bir rəvayətə görə, yaşlı bir qadın xalq arasında Su Sonası olaraq tanınan yarıbalıq yarıqız olan bir canlının daş üzərində oturduğunu görüb ondan kim olduğunu, nə etdiyini soruşar. Su Sonası verdiyi cavabda: “Suyun məleykəyi olduğunu, su çirkləndiyi üçün çölə çıxıb, təkrar suya girmək üçün suyun təmizlənməsini gözlədiyini” söyləyər. Su ilə əlaqədar xalq inancları Azərbaycandan başqa Şərqi Anadolunun bir qisim bölgələrində də rast gəlinməkdədir. Naxçıvan şəhərində xalq arasında “Qızlar bulağı” adı ilə tanınan yerlə bağlı maraqlı əfsanə və rəvayətlər deyilməkdədir. Naxçıvan əhalisinin bulaq, su anlayışı müqəddəsdir.

Azərbaycanda mifoloji inanca görə, “sübh zamanı və bir də axşam çağı suyun başına gedəndə ona salam vermək lazımdır. Suda Qarı nənə adlı bir şəxs yaşayır. Əgər ona salam verməsən, küsər və sənə ziyanı dəyər”. Yaxud “Su əyəlidir (sahiblidir). Suya gedəndə mütləq salam verməlisən. Yoxsa su əyası səndən küsər və zərərinin toxunduğunu hiss edərsən”.

Azərbaycan xalq yaradıcılığında da hikmətli sözlərdən biri olan” Yol böyüyün, su kiçiyin” olmaqla bəzi atalar sözləri vardır. Su totemi ilə əlaqədar yazılara ortaq türk dastanlarında da rast gəlinmişdir. Məsələn, bu totem “Koroğlu” dastanında Qırat və Düratın dərya ayğırından törənməsində görünür”. Ortaq türk xalq nağıllarında, dastanlarımızda tez-tez rastlaşdığımız obrazlardan biri də dərya atları obrazıdır. Onların mənşəyi, təməli də dərya (su) ilə əlaqəlidir.

Su stixiyasının kosmik başlanğıcı tərəfindən idarə olunmasında xüsusi missiyalı obrazlar kimi göy və Çömçəxatun Naxçıvan əfsanələrində mühüm yer tutur. Belə ki, bu əfsanədə su mediator funksiyasının daşıyıcısı kimi təsəvvür olunur. Mətnlərin birində “Al qarısı su olub çeşmədən gedir”. Fikrimizə, bu da başlanğıc təsəvvürü ilə əlaqədardır. Naxçıvanda su, həmçinin günahkarların aşkarlanması missiyasını yerinə yetirir. Belə ki, günahı olan batır, günahı olmayan isə suyun üzəri ilə batmadan keçib gedir. Naxçıvandakı şifahi xalq mətnlərində Su əyasi və Su qarısı obrazları vardır. Su əyası xeyriyyəçi, Su qarısı  isə pisniyyətdir.

Su ilə əlaqədar ən orijinal mərasimlərdən biri də Novruz bayramında edilənlərdir. Burada da suyun etibarını aydın şəkildə görürük. Məsələn, Novruz bayramında ilin sonuncu Çərşənbə səhəri erkəndən gənc qızlar, gəlinlər axar çaya gedər dilək tutub su gətirərmişlər. Gətirilən su evə-bağçaya səpilərmiş ki, “ili aydınlıqda keçirəsən” mənasında yeni il istəyi, arzusu bildirilmişdir. Novruz bayramının son Çərşənbəsi su üstü mərasimlər keçirilir. Bu mərasimlərdə əvvəl kiçiklər, sonra isə böyüklər hər kəs su üzərindən atlanar, ağırlığım-uğurluğum bu suya tökülsün deyirlər. Bu adət-ənənə yalnız səhərin ilk işıqları doğulmadan və ulduzlar batmadan gedirlər. İnsanlar evlərinə dönən zaman suyun içindəki daşlardan götürülür və evin dörd bir küncünə atılır. Bəzi bölgələrdə isə bu daşlardan bərəkətlidir məqsədi ilə evdəki qab-qacaqların, rəflərin, yağ küpü, un çuvalı və s. kimi məmulatların içinə atırlar. Sonuncu Çərşənbə günü Ordubad bölgəsində çillə suyu mərasimi də keçirilir. Eyni gün kəndin yaşlı insanları kənd məscidində toplaşır, teştin içinə su tökürlər və o suya da diri balıq atırlar. Yeni il gəldiyi zaman balıq suda tam tərsinə dönər. Çillə suyu adlanan o su da kənddəki xəstə insanlara içirdilir, evə, bağçaya səpilər. İnanclara görə, cillə suyu xəstələrə şəfa verəcək və evə, bağçaya isə ruzi-bərəkət nəsib edəcək. Naxçıvanda insanların müqəddəs saydıqları andlardan biri də “Su haqqı”dır. Bu andda insanlar suyun müqəddəsliyini və öz hörmətlərini bildirirmişlər.

 Əbədi həyat mənbəyi olan su insanlar tərəfindən müqəddəs hesab olunmuş, ona sitayiş edilmiş və inanılmışdır. Naxçıvanda və bir sıra bölgələrdə ortaq əfsanə və rəvayətlərdə suyun varlığına, müqəddəsliyinə itaət etmişlər.

Əkrəm Hüseynzadə,

AMEA-nın Naxçıvan Bölməsi