90 saylı Ağsu seçki dairəsi 62 məntəqəni əhatə edir. Bu gün – fevralın 7-də dairə üzrə səsvermə hüququ olan 52 min 162 seçici ölkəmizin həyatında mühüm hadisə olan Prezident seçkilərində öz seçimlərini etməlidir.
Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev “İki sahil”ə bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səsverməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 3506 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Səhər saat 8:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər. Hər yerdə, o cümlədən Ağsu şəhərindəki 8 saylı seçki məntəqəsində də böyük qələbəlik var.
Ağsu şəhər sakini 69 yaşlı Əlibala Ağayev AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə tam demokratik seçki sisteminin yaradıldığını bildirib.
Qeyd edək ki, bütün məntəqələrdə səsvermənin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənilir, 9 məntəqədə veb-kamera quraşdırılıb.