07 fevral 2024 11:43
262

Azərbaycanın seçiciləri çox qürurludur - Osman Mesten

Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"a Xankəndiyə ezam olunan türkiyəli deputat Osman Mesten deyib.

O qeyd edib ki, seçkiləri izləməyə TÜRKPA heyətində Türkiyədən 8 deputat, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib: "Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq da bizə qismət oldu".

Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar: "Ulu Öndər Heydər Əliyevin təbirincə biz "tək millət, iki dövlət" deyirdik. Bundan sonra türk birliyi olaraq, "tək millət, yeddi dövlət" olacağıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm".