07 fevral 2024 18:17
605

Qüdrətli Azərbaycan naminə - FOTOLAR

Fevralın 7-də səhər tezdən 9 saylı Binəqədi ikinci seçki dairəsinin məntəqələrində əsl seçki əhval ruhiyyəsi hökm sürürdü. 6 saylı Məntəqə Seçki Komissiyasının sədri Vətən Məmmədov bildirdi ki, əhatə etdiyimiz ərazidə 1448 nəfər seçici qeydə alınmışdır.   Səsvermə prosesi başlandığı ilk saatlardan xeyli sakin öz etimad göstərdiyi namizədə səs verir. İndiyədək heç bir qanun pozuntusu və ya neqativ hal qeydə alınmayıb. Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir ki, buna da ciddi əməl olunur.

Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyasının müşahidəçiləri Gülmurad Muradov və Məqsəd Gəldiyev Azərbaycanda müşahidə etdikləri  demokratiyanın  başqa dövlətlər üçün nümunə olduğunu  etiraf etdilər. Müşahidəçilər bildirdilər ki, seçkilərdə hər şey çox şəffafdır. Heç bir problemlə qarşılaşmayıblar. Seçici fəallığı müşahidə edilir. Proses yüksək səviyyədə keçir.

10 saylı seçki  məntəqəsində də  seçici fəallığı hiss olunurdu. Məntəqə Seçki Komissiyasının sədri Rübabə Abdullayeva bildirdi ki, 1288 seçicini əhatə edən məntəqədəki seçici  fəallığını yüksək qiymətləndirdi. Bildirdi ki,  insanlar seçici hüququndan istifadə edərək vətəndaşlıq borclarını, güclü məsuliyyət hissi ilə yerinə yetirirlər. Eyni zamanda, seçicilərin həvəs və həyəcanları bizə motivasiya verir. Bu müddətdə onların marağı və iştirakı bizim üçün olduqca əhəmiyyətlidir.

ATƏT Parlament Assambleyasının müşahidəçiləri Anna Bilotti və  Stefaniya Perozzi qeyd etdilər ki, seçkilərdə fəallığın yüksək olması bizi müsbət mənada təəccübləndirdi. Gənclər də səsvermədə fəal iştirak edirlər. Azərbaycan gəncləri seçkilərdə səsvermədə iştirak etməkdə maraqlıdırlar. Son illərdə Azərbaycan ilk dəfədir bütün ərazisində seçkilər keçirir. İnsanların davamlı olaraq seçki məntəqələrinə gəlmələri, öz hüquqlarından istifadə edərək səs vermələri müsbət haldır. Təşkilatçılıq daha yaxşıdır, hər şey şəffaf şəkildə həyata keçirilir.

17 saylı seçki məntəqəsində də ruh yüksəkliyi nəzərə çarpırdı. Məntəqə Seçki Komissiyasının sədri Şəfəq Məmmədova məlumat verdi ki, 1349  nəfərin seçimini etməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Seçki prosesi tam demokratik  tələblərə əsaslanır və insanlar seçici hüquqlarından istifadə edərək sərbəst,  azad, heç bir təsir və təzyiqə məruz qalmadan inandıqları namizədə səs verirlər. Səsvermənin  başlandığı saatdan yüksək fəallıq özünü  göstərir. Hamı bu inamdadır ki,  Azərbaycanın gələcəkdə  daha möhtəşəm dövlətlər sırasında  yer alması hər bir seçicinin  ümumi rəyindən, səsindən, asılıdır.

Məntəqənin müşahidəçilərindən Böyük Quruluş Partiyasının nümayəndəsi Kəmalə Talıbova  bildirdi ki, yüksək seçici fəallığı müşahidə edilir. Seçki prosesi çox müntəzəm və şəffaf bir şəkildə aparılır. Demokratik cəmiyyət üçün son dərəcə vacibdir ki, hər bir vətəndaş sərbəst səs vermək və seçimini asanlıqla ifadə etmək hüququndan istifadə edə bilsin. Bu seçkilərin nəticələri ölkəmiz üçün faydalı olacaqdır. Odur ki, hamı qüdrətli  Azərbaycan naminə  seçimini edir.

Bir sözlə, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 6, 10, 17 saylı məntəqələrində söhbət etdiyimiz  seçicilərin  ümumi fikri bu oldu ki,  Azərbaycan qüdrətli  dövlət kimi Vətən müharibəsində və 2023-cü ilin 19 sentyabrında bir günlük lokal antiterror tədbirləri zamanı   öz sözünü deyib, mövqeyini möhkəmləndirib. Ölkəmiz siyasi, iqtisadi, demokratik inkişaf  baxımından liderlik  səviyyəsinə  yüksəlib.  Biz xalqımızın və dövlətimizin gələcək inkişafı taleyini ən layiqli namizədə  etibar etmək istəyirik.

Nigar Orucova, “İki sahil”