Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Bu mənada 2024-cü il fevralın 7-də prezident seçkilərinin keçirilməsi qırx dörd günlük müharibədə qazandığımız tarixi Qələbənin yaratdığı yeni reallıqlardan irəli gəlir. Gerçəklik ondan ibrətdir ki, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar hədəflərimizi də dəyişib. Həmin hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi isə başlıca vəzifələrdən birdir.
Təbii ki, 7 fevral prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraqseçkilər bütün ölkə ərazisində keçiriləcək. Şanlı ordumuz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurları siyasi-diplomatik müstəvidə uğurla davam etdirildi.
Böyük qürur hissi ilə demək lazımdır ki, 7 fevral seçkiləri Azərbaycanın çox əsrlik dövlətçilik tarixində xüsusi əlamətdar hadisə kimi mühüm əhəmiyyət kəsb edir.Belə ki, ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfədir ki, prezident seçkiləri keçirilir. Xocalıda, Xankəndidə səsvermə baş tutub. Artıq azad edilmiş ərazilərdə yaradılan 46 seçki məntəqəsi üzrə də seçicilər səsvermə hüququndan istifadə edib.
Xüsusilə vurğulanmalıdır ki, müstəqillik tariximizdə ölkənin bütün ərazisini əhatə edən ilk seçkilərdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər.
Bütün ölkə ərazisində olduğu kimi, Bakı şəhərinin Nizami rayonunda da prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmışdı. Elə bunun nəticəsi idi ki, rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin dislokasiyalarına daxil olan seçki məntəqələrində səhər saat 08-00-dan etibarən yüksək seçici fəallığı müşahidə olunurdu.
25 saylı Nizami ikinci seçki dairəsini əhatə edən məntəqələrə baş çəkərək səsvermə prosesini izlədik. Bütün məntəqələrdə olduğu kimi 27, 28, 29 saylı seçki məntəqələrində də səhər saatlarında artıq yüzlərlə seçici səsvermədə iştirak edirdi. Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahıları tam dəqiqləşdirilmiş, Dairə Seçki Komissiyası, eləcə də məntəqələr bütün lazımi texniki vasitələrlə tam təmin olunmuş, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şərait yaradılmış, məntəqələrdə veb-kameralar quraşdırılmışdı.
Rayon ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə səhər saatlarından etibarən müşahidə olunan seçici fəallığı bunu deməyə əsas verirdi ki, vətəndaşlar ölkəmizdə bərqərar olunmuş demokratik şəraitin onlara verdiyi imkanlardan maksimum yararlanmağa çalışırlar. Məhz bu səbəbdən də vətəndaşlar axın-axın məntəqəyə gələrək səsvermə hüququndan istifadə edirdilər.
25 saylı Nizami ikinci seçki dairəsinin 28 saylı Məntəqə Seçki Komissiyasının sədri Mehdi Mehdiyev, 27 saylı Məntəqə Seçki Komissiyasının sədri Nərgiz Cəfərova, 29 saylı Məntəqə Seçki Komissiyasının sədri Əli Əliyev bizimlə söhbətlərində bildirdilər ki, seçki prosesi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib. 28 saylı Seçki Məntəqə Komissiyasının üzvü Cabir Hacıyev isə qeyd etdi ki, yüksək şəraitdə keçən seçki prosesində seçicilər yüksək fəallıq nüamyiş etdirərək istədikləri namizədə səs verirlər. C.Hacıyev, həmçinin vurğuladı ki, istər yerli, istərsə də beynəlxalq müşahidəçilər seçkilərin gedişinə dair hər hansı irad və narazılıq bildirməyiblər.
25 saylı Nizami ikinci seçki dairəsinin 28 saylı seçki məntəqəsində müxtəlif partiyaları, həmçinin bitərəfləri təmsil edən müşahidəçilər də seçki prosesindən razı qaldıqlarını ifadə etdilər. Məsələn, YAP-ı təmsil edən Cavid Hacıyev bildirdi ki, seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb: “Seçkilərə kənar müdaxilə yoxdur. Seçicilər öz seçimlərini azad şəkildə həyata keçirirlər. Müşahidə prosesində hər hansı qanun pozuntusuna rast gəlməmişəm”.
Seçici Elnur Qasımov da səsvermənin gedişindən razı qaldığını bildirərək bu seçkiləri demokratiyanın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirdi: “Səsvermədə iştirak etmək biz vətəndaşların borcudur. Bu gün seçki prosesi əla şəraitdə keçir. Seçicilər xüsusi fəallıq göstərərək istədikləri namizədə səs verirlər”.
Zahid Rza, “İki sahil”
Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB/FOTO