10 fevral 2024 16:53
319

Azərbaycanda keçirilən prezident seçkiləri İran mətbuatının diqqətində olub

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri İran mətbuatının da diqqətində olub. İranın bir sıra sayt və qəzetləri Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri barədə materiallarda qeyd ediblər ki, İlham Əliyev Azərbaycanın şəksiz lideridir.

“İki sahil”in məlumatına görə, İranın İRNA dövlət informasiya agentliyi yazır ki, xalq arasında böyük nüfuza malik olan İlham Əliyev seçkilərdə digər namizədləri böyük səs fərqi ilə geridə qoyaraq qalib gəldi. Onun yürütdüyü siyasət Azərbaycanı möhkəmləndirib.

“Mehr” saytı qeyd edir ki, son 30 ildə ilk dəfə olaraq prezident seçkiləri Azərbaycanın bütün ərazisində keçirildi və İlham Əliyev qalib gələrək yenidən Azərbaycan Respublikasının prezidenti seçildi.

İSNA vurğulayıb ki, Qarabağın işğaldan azad edilməsi İlham Əliyevə böyük nüfuz qazandırıb və buna görə də onun prezident seçiləcəyi şübhəsiz idi. Qarabağ Zəfəri İlham Əliyevin seçkilərdə də inamla qalib gəlməsinə imkan yaratdı.

“Doya-e-eqtesad” qəzeti diqqətə çatdırıb ki, bu gün Azərbaycanda İlham Əliyevin nüfuzuna çata biləcək siyasətçi yoxdur. İlham Əliyev böyük səsçoxluğu ilə qələbə çalaraq növbəti illərdə də Azərbaycana rəhbərlik edəcək.

“Fars news” saytı isə bildirib ki, Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyev böyük sosial bazaya malikdir. Hazırda Azərbaycanda Prezident İlham Əliyevdən güclü siyasi lider yoxdur.