Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi Ümummilli Lider Heydər Əliyevin ideyalarının mühüm tərkib hissəsini təşkil etmiş, Ulu öndər bu istiqaməti dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Sevindiricidir ki, Heydər Əliyevin ideyaları, onun qoyub getdiyi siyasi kurs Prezident İlham Əliyevin prezidentliyi dönəmində də ölkəmizin inkişafına, onun sürətli tərəqqisinə təkan vermiş, habelə, Azərbaycanın ən böyük dərdi sayılan Qarabağ probleminin uğurlu həllini təmin etmişdir. Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə bağlılığı, yüksək vətənpərvərlik eşqi özünü 44 günlük Vətən müharibəsində bütün əzəməti ilə büruzə vermiş, bütün dünyada böyük heyrətlə qarşılanmışdır.
Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi.
Müharibə dönəmində Ermənistanda on iki min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər.
Xatırladım ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan gəncliyinin Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkərək bu qəhrəmanlığın milli-mənəvi dəyərlərə bağlılıqdan irəli gəldiyini qeyd etmişdir. Ölkə başçısı fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında bu barədə demişdir:
“Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər və 44 günlük Vətən müharibəsi, bir daha demək istəyirəm, bizim əyilməz ruhumuzu göstərmişdir, Azərbaycan xalqının iradəsini göstərmişdir, Azərbaycan dövlətinin gücünü göstərmişdir. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Bu 44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycan gəncliyi vətənə olan sevgi və bağlılığı ilə bütün dünyaya nümunə olmaqla yanaşı, həm də yeni zəfərlərimizin təminatçısıdır. Bu gün Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlət maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda, milli mənafeyimizi bacarıqla qorumaqdadır.
Ancaq bir məqamı da vurğulamaq lazımdır ki, dövlətimizin gənclərlə bağlı siyasətinə bütün əlaqədar qurumlar öz töhfəsini verməli, gənc nəslin milli dəyərlər əsnasında yetişdirilməsi, milli tarix və soykökünə bağlılığı prosesinə öz töhfəsini verməlidir. Bu baxımdan bizim üçün qürurvericidir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə mütəmadi iş aparır, onlarla görüşlər təşkil edir, gənclərin dünyagörüşünün daha da zənginləşməsi, onların milli maraqlarımızın müdafiəsi köklənməsi istiqamətində ardıcıl addımlar atırıq. Bu gün təşkilatımızın sırasında 44 günlük Vətən müharibəsində iştirak edən yüzlərlə gənc veteran var ki, onlar Təşkilatımızın fəaliyyətində mühüm rol oynayır. Biz gəncləşən, hər yeni üzvü ilə bir qədər də güclənən Təşkilat olaraq “Nəsillərin görüşü” adlı silsilə görüşlər keçirir, bu görüşlər əsnasında bir sıra məsələlərlə yanaşı, dövlətimizin gənclər siyasətini, bu siyasətin bugünümüz və sabahımız baxımından önəmi ilə bağlı müzakirələr aparırıq.
Prezidentimizin andiçmə məraisimində gənclərlə bağlı işə, habelə vətəndaş cəmiyyəti institutunun fəaliyyətinə verdiyi önəm bizin fəaliyyətimiz üçün ciddi mənəvi stimula çevrilməkdə, bizi yeni layihələrə ruhlandırmaqdadır. Bu il gənclərlə bağlı ümumrespublika səviyyəli bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq. Hansı ki, bu tədbirlər ölkəmizin ən müxtəlif regionlarını əhatə edəcək, gənclər üçün istiqamətverici rola malik olacaq.
Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən gənclər siyasəti və bu siyasətin ortaya qoyduğu mövcud reallıqlar onu deməyə əsas verir ki, dövlətimizin yetişdirdiyi vətənpərvər gənclik yeni zəfərlərin təminatçısıdır və biz yaxın gələcəkdə gənclərimizin imza atacağı bu zəfərlərə şahid olacağıq.
Polkovnik Cəlil Xəlilov,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini