Şirkətin cari ilin aprel və ya may ayında kəşfiyyat fəaliyyətinə başlaması üçün fevral ayının əvvəllərində müqavilə imzalaması ilə əlaqədar ölkənin Nazirlər Kabinetinin razılığı da artıq alınıb.
“Şri Lankanın şərq sahillərində seysmik tədqiqatlar həyata keçirmək üçün şirkət 10 milyon dollar civarında sərmayə yatıracaq”,-deyə Şri-Lankanın neft ehtiyatları idarəsinin baş direktoru Saliya Vikramasuriya bildirib.
Xatırladaq ki, “Total” şirkətinin qazancı 2015-ci il ərzində əvvəlki illərlə müqayisədə 40 % aşağı düşüb.
Ötən il ərzində təkcə “Total” şirkəti deyil, Böyük Britaniyanın bp, ABŞ-ın “ExxonMobil” şirkətləri də gəlirdə azalma barədə məlumat veriblər. bp ötən il 6,5 milyon dollar itirib. “Exxon Mobil” isə bu il xərcləri 25% aşağı salmağı nəzərdə tutur.
Lakin Vikramasuriya “Total” şirkətinin xidmətlərin və avadanlıqların qiymətinin aşağı düşməsindən istifadə edərək, daha çox işlər görəcəyini və yeni aktivlərə sərmayə ayıracağını açıqlayıb.
Direktor bildirib ki, kommersiya cəhətdən əhəmiyyətli neft və qaz ehtiyatı əldə olunarsa, “Total” hasilatın pay bölgüsü sazişi imzalamaq hüququna da malikdir.
“Total” şirkəti ilə müqavilə imzalandıqdan dərhal sonra Şri-Lanka hökuməti Hindistanın “Cairn” şirkəti tərəfindən Mannar hövzəsində kəşf edilmiş qaz rezervləri ilə bağlı marketinq kampaniyasına başlamağı planlaşdırır. Xatırladaq ki, “Cairn” sözügedən hövzədə iki quyu qazaraq, ehtiyat əldə etsə də Şri-Lankada yerli bazara çıxarılacaq qazın qiyməti ilə bağlı razılığa gələ bilməyərək ölkəni tərk etmişdi. Hazırda bəzi Yaponiya və Koreya şirkətləri bu qaz yataqlarına maraq göstərirlər.
Nubar Süleymanova, “İki sahil”