17 fevral 2024 14:41
356

Naxçıvanda Heydər Əliyev Muzeyinin yaradılmasından 25 il ötür

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində tədbir təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, mədəniyyət, ictimaiyyət nümayəndələrinin iştirakı ilə reallaşan tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov 25 illik yubileyi qeyd olunan mədəniyyət ocağının müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin sağlığında adına yaradılan ilk muzey olduğunu vurğulayıb. Ölkəmizdə muzeyşünaslığın inkişafı sahəsində dahi liderin müstəsna xidmətlərindən danışan nazir müavini bildirib ki, Heydər Əliyev Muzeyi 1999-cu il fevralın 18-də Naxçıvan şəhərində yaradılıb. Müdrik şəxsiyyət 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeylə tanış olub. Ulu Öndərin muzey ziyarəti zamanı çəkilmiş tarixi fotoları bu gün fəxrlə ekspozisiyada nümayiş etdirilir.

Həsən Seyidov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq, Heydər Əliyev Muzeyinin maddi-texniki təminatı təkmilləşdiriləcək, muzeyin əməkdaşları peşəkar təlimlərə cəlb ediləcək. Həsən Seyidov əlamətdar gün münasibəti ilə muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin təbliği işində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Elman Cəfərli çıxışında diqqətə çatdırıb ki, Heydər Əliyevin mənalı həyatının əsas qayəsini Azərbaycan təşkil edirdi. Ulu Öndər ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq ölkəmizin iqtisadi inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasına böyük diqqət göstərirdi. Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyi təmin edərək, Azərbaycanın taleyini Müzəffər Ali Baş Komandan İlham Əliyevə əmanət etməsi idi.

Yubiley tədbirində daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımovun və Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Ramil Orucəliyevin çıxışları dinlənilib.

Heydər Əliyev Muzeyinin ötən 25 ildə keçdiyi inkişaf yolundan danışan muzey direktoru bildirib ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından ibarət, ümumilikdə, 5466 eksponat toplanıb. Bu gün Naxçıvana gələn hər bir qonağın ilk üz tutduğu məkan, bütün tədbirlərin ilk başlanğıc yeri məhz Heydər Əliyev Muzeyidir. Təkcə ötən il muzey 20 mindən çox insan tərəfindən ziyarət olunub. Muzey Heydər Əliyev irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı uğurla həyata keçirir.

Çıxışların ardından muzeyin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları ekspozisiya ilə tanış olublar.