17 fevral 2024 14:57
492

Hərbi Prokurorluq: Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir.... –  AÇIQLAMA

“Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dühası, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi, xalqın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmənə hərtərəfli layiqli dərs verilib. Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, eləcə də digər cinayətlər törətmiş şəxslərin qanunvericiliyin və beynəlxalq hüququn tələblərinə uyğun cəzalandırılması istiqamətində kifayət qədər işlər görülür və görülməkdə davam edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O qeyd edib ki, sözügedən qəbildən olan cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb: “2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib. Bundan sonra cinayət işinin ibtidai araşdırılması cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan və müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər müəyyən edilib”, - deyə F.Əliyev vurğulayıb.

Əliyalın, dinc əhaliyə qarşı törədilən Qaradağlı faciəsinin amansızlığından danışan F.Əliyev deyib: “Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılmış istintaqla müəyyən edilmişdir ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 67 nəfəri xüsusi amansızlıqla qəsdən öldürülmüşlər. Böyük kədər və təəssüf hisləri ilə vurğulayıram ki, azğınlaşmış düşmən qoca, qadın, hətta azyaşlı uşağa belə fərq qoymamış və qətlə yetirilən şəxslərin 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olan insanlar olmuşlar. Həmçinin işgəncəyə məruz qalmış 2 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulub, 49 nəfər isə girov götürülüb. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıb. Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışları elan edilərək təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinə göndərilib”.

Hazırda Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin nəzarətləri ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir və qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş hər bir şəxs mütləq layiqli cəzasını alacaq.