Xocalı soyqrımı qurbanlarının qisası alındı
Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd edirik. Xocalı faciəsi Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O qarlı-şaxtalı qış gecəsində silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının statistikasına diqqət yetirək: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da qeyd olunur ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Azərbaycan tarixi Zəfəri ilə erməni faşizmini məğlub etdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında dünya güclərini erməni faşizmini məhv etmək üçün səylərini birləşdirməyə çağırır. Prezident İlham Əliyevin hələ 2022-ci il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində bu çağırışını xüsusi qeyd etmək istərdik: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.
Bir zamanlar soyqırımı və dağıntılara məruz qalan Xocalının azad olunması xalqımızın üçün ən əlamətdar hadisələrdən biri idi. Ona görə də Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımından hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Xocalı sakinləri tezliklə beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdacaqlar. Hazırda Xocalıda bərpa işlərinin yüksək sürətlə davam etdirilməsi bunu deməyə əsas verir.
Nigar Orucova, “İki sahil”