21 fevral 2024 17:16
344

Məkandan və zamandan asılı olmayaraq Azərbaycan hər zaman qalibdir - Sədaqət Vəliyeva

ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər rəsmi qaydada ləğv edilməlidir

Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün bir sıra hadisələrlə əlamətdar olmaqla yanaşı Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu. İlk olaraq qeyd etmək istərdim ki, belə əlamətdar və yüksək səviyyəli beynəlxalq tədbirdə möhtərəm prezidnetimiz cənab İlham Əliyevin iştirak etməsi Azərbaycanın və ölkə başçımızın dünyadakı yüksək və artan nüfuzunun göstəricisidir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, konfrans çərçivəsində cənab Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında bir sıra görüşlər keçirdi:  ABŞ-nın Dövlət katibi Antoni Blinkenlə, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla,  Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenlə keçirilən görüşlər zamanı dövlət Başçımız bir daha ölkəmizin sülh təşəbbüslərini və haqlı mövqeyini diqqətə çatdırdı.

ATƏT-in fəaliyyətdə olan sədri İan Borqunla keçirilən görüş zamanı isə Azərbaycan Lideri ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirdi və ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.

Eyni zamanda dövlət başçımız Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini və Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha öz qətiyyətini, iradəsini və Azərbaycanın heç kəsin köməyinə ehtiyacı olmadığını göstərmiş oldu. Bundan başqa cənab Prezidentimiz İlham Əliyev digər rəsmi şəxslərlə də görüşlər keçirdi ki, bu görüşlər də qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək.

Ümumilikdə Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, məkandan və zamandan asılı olmayaraq hər zaman qalib Azərbaycandır. Çünki bizim istəyimiz sülh mövqeyi isə haqqlıdır.