21 fevral 2024 18:48
560

Avropanın yeraltı dünya irsləri - Torpağın altındakı gizli sərvətlər

Avropanın yeraltı sərvətləri də, yerüstü sərvətləri qədər qiymətlidir. Bu yerlər haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Tokaj Şərab Regionu – Macarıstan

Macarıstanın ən məşhur şərab növlərinə ev sahibliyi edən Tokaj Zemplen dağlarının ətəyində yerləşir. Ən məşhur Aszú şərabı Fransız Louis XV tərəfindən "Vinum Regum, Rex Vitorum", yəni "Kralların Şərabı, Şərabların Kralı" kimi təsvir edilmişdir. Turistlər  burada Avropanın ən qədim şərab zirzəmilərinə baxa və ənənəvi istehsal üsullarını öyrənə bilərlər.

Tarixi Banska Ştyavnisa şəhərindəki abidələr – Slovakiya

2018-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş şəhər bizə yaşıl Slovakiyanı göstərir. Vaxtilə mədənçilikdə ön sıralarda olan Banska Ştyavnisa həm də orta əsr şəhəri kimi tanınır. Slovakiyada qızıl və gümüş deyiləndə ağla gələn bu şəhər ziyarətçilər tərəfindən böyük  maraqla qarşılanır.

Wieliczka və Bochnia Kral Duz Mədənləri – Polşa

Dünyanın ən qədim duz mədənləri Wieliczka və Bochnia ziyarətçiləri tarixi və sirli duz səyahətinə aparır. Bu mədənlər 13-cü əsrdən 20-ci əsrə qədər fasiləsiz işlədilib. Bu mədəndəki işçilərin özləri üçün yaratdıqları bu sirli yeraltı dünya əsrlərdir böyük maraqla qarşılanır.

Valloniyada mədən sahələri – Belçika

Sənaye İnqilabı zamanı Avropanın şəklini dəyişən Valloniyadakı bu kömür hövzəsi 170 km-ə qədər uzanan dörd sahədən ibarətdir. Bu sahələr maarifçilik dövründə yaranıb, sənaye və fəhlə şəhərinin utopik baxışı ilə bağlı memarlıq və şəhərçilik meyllərinin təsirini özündə göstərir. Turistlər üçün Avropanın hər yerindən burada yaşayıb işləmiş mədənçilərin nəsillərinə ehtiramlarını bildirən füsunkar muzeyləri ziyarət edə bilirlər.

Falun mis mədənləri - İsveç

İsveçin Dalarna əyalətindəki Falun şəhəri mis mədənləri ilə məşhurdur. Bu mədən əvvəllər Avropanın ən böyük mis mədəni idi və indi isə dünya irsi hesab edilir. Qırmızı piqment bu mədənin əlavə məhsulu idi və qırmızı rəngin tarixi təxminən eramızın 850-ci illərinə gedib çıxır. Məhz o zamanlar indiki Falun şəhərindəki Stora Kopparbergetdə (Böyük Mis Dağı) mədən işlərinə başladılar. İndi İsveç mənzərəsinin ayrılmaz hissəsi olan taxta bağ evləri üçün davamlı boya işini görür.

Nigar Orucova, “İki sahil”