22 fevral 2024 02:59
1120

Qərbi azərbaycanlılar doğma torpaqlarına qayıdacaqlar…

«Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə erməni faşistlərindən fərqli olaraq insani dəyərlərə hörmətlə yanaşan xalqımıza məxsus humanizm prinsiplərinə sadiqliyini bəyan edir

«Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır» söyləyən Prezident İlham Əliyev inamla bildirir ki Qarabağın məcburi köçkünləri öz torpaqlarına qayıtdıqları kimi, Qərbi azərbaycanlılar da ata-baba yurdlarınnda məskunlaşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»

Dövlət başçımızın bu inamını təsdiqləyən amillər isə kifəyət qədərdir. Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da vəhşiliklər törədən ermənilər təkcə azərbaycanlı olduqları üçün soydaşlarımızı öz torpaqlarından zorla çıxarmaqla kifayətlənməmişlər. Bütün tarixi, dini abidələrimizi yerlə-yeksan etmişlər. Lakin bu torpaqlardan azərbaycanlıların tarixi irsini silmək istəsələr də mənfur niyyətlərinə nail ola bilməyiblər.

Tarixi sənədlər də təsdiqləyir ki, Qərbi Azərbaycanın əhalisinin əksəriyyəti azərbaycanlılar olub. Ötən əsrdə bir neçə dəfə ermənilərin zorakılıqlarına məruz qalsalar da doğma yurd yerlərini tərk etməyən soydaşlarımız sonuncu dəfə daşnak ideologiyasının etnik təmizləmə siyasətindən qurtura bilməyiblər. Daşnakların silahlı təcavüzlərinə məruz qalan azərbaycanlılar ata-baba yurdlarından zorla qovulmuşlar. Azərbaycan torpaqlarına göz dikən , on illər boyu formalaşan erməni lobbisinin hazırladığı plana uyğun 1828-ildən etibarən ardıcıllıqla həyata keçirilən, 1989-cu illərdə başa çatan «Türksüz Ermənistan» siyasəti nəticəsində 605-dən çox kəndin 1,5 milyondan çox azərbaycanlı əhalisi doğma yurdlarından silah gücünə , zorla çıxarılmış, 500 mindən çox günahsız soydaşımız qətlə yetirilmişdir.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlayan ərazi iddialarından sonra qısa müddətdə Qərbi Azərbaycandan təkcə azərbaycanlılar yaşayan 172 , 89 qarışıq və 6 şəhər tipli yaşayış məntəqəsindən 49.928 ailə- 250 min azərbaycanlı zorla çıxarılmışdır. Həmin hadisələrdə 255 azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 400 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, bütün evlər yandırılmışdır. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kilometr ərazisi erməni qəsbkarları tərəfindən zəbt edilmişdir.

1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373.582 nəfər olub. Bu gün isə Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hazırda əyalətlərdə ermənilərlə ailə quran, yaşlı və xəstə olmaqla cəmi 30 azərbaycanlı yaşayır. Bəziləri zorakılığa məruz qalmamaq üçün soyadlarını dəyişmiş, kimliyini gizlətməyə məcbur olmuşlar.

Saysız-hesabsız erməni vəhşiliklərinin bəzilərini yada salaq. Daşnaklar 1988-ci ilin noyabrında Böyük Qarakilsə-Pəmbək mahalında (Qukarqda) 70-ə yaxın 5-12 yaşlarınadək uşağı boruya dolduraraq hər iki tərəfini qaynaq edərək növbəti dəfə vəhşiliklərini göstərmişlər. Qətliamın üstü 1988-ci ildə Ermənistanda baş verən zəlzələ zamanı köməyə gələn fransız xilasedicilər tərəfindən açılmışdır. Həmin ilin dekabrın 5-də eyni vandallıqlarını Hamamlı ( Spitak) şəhərində təkrarlayan ermənilər 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edərək ucurumdan dərəyə yuvarlatmışlar. XX əsrin sonunda monoetnik Ermənistan yaratmağa nail olan erməni qaniçənləri tərəfindən 255 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Onlardan 49-ü erməni zülmündən qacarkən dağlarda şaxtadan donmuş, 41 nəfər qəddarlıqla döyülərək, 35 nəfər işgəncələrlə öldürülmüşdür. 115 nəfər diri-diri yandırılmış, bəziləri güllənmiş və erməni həkimləri tərəfindən bilrəkdən öldürülmüşdür. Bir neçə azərbaycanlı elektrik cərəyanına qoşulmuş və qurban kimi başları kəsilmişdir.

Tarixdə heç yerdə törədilməyən erməni vəhşiliklərini görmək istəməyən Avropa Şurası, Avropa Parlamenti bu gün də faşist haylara dəstək göstərərək terrora «yaşıl işıq» yandırırlar. Heç bir hüquqi səlahiyyətləri olmayan Avropa təsisatları daşıdıqları məsuliyyəti, Nizamnamələrinə uyğun eyni təşkilatda təmsil olunun bir dövlətin digər üzv ölkənin ərazisinə təcavüzü bəndinə əməl etməyərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan əleyhinə tədbirlər görməmişlər. Rəsmi İrəvana qarşı ara-sıra, əhəmiyyətsiz bəyanatlar qəbul etməklə guya daşnakları cəzalandırmışlar. Halbuki beynəlxalq hüquq normalarına görə ən azından işğalçı dövlət səs hüququndan məhrum edilməli idi.

Çox təəssüf ki, özünü demokratik təsisat hesab edən Avropa Şurası heç bir əsas olmadan bu səsvermə hüququndan məhrum edilmə cəzasını əsassız olaraq 30 ilə yaxın Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana tətbiq etdi. Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ilin 19-20 sentyabrında Azərbaycanın öz suveren ərazisində apardığı lokal xarakterli anttiterror tədbirini «hərbi əməliyyat» adlandıran avropalı parlamentarilər «Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti»ndən narahat olaraq ölkəmizi qurumda təmsil edən nümayəndə heyətimizin etimadnaməsini tanımamaq kimi qeyri- etik, antidemokratik qərar qəbul etmişlər. Təşəbbüsün müəllifi, milliyyətcə alman olan Frank Şvab «100 mindən artıq Qarabağ dığasının zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını» Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi dəyərləndirərək yenə də təçavüzkar, terrorçu, faşizm ideyalarına xidmət edən Ermənistanı dəstəkləmişdir. Qurumda təmisl olunan nümayəndə heyətimizin Qərbdəki anti-Azərbaycan dairələrin ikili standartlar siyasətinə etiraz olaraq AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması ən ədalətli seçim kimi bir neçə avropalı parlamentari tərəfindən dəstəkləndi. Bəllidir ki, bu ayrı-seçkilik, ikili standartlar Fransa Prezidenti Emmanuel Makronun drijor çubuğu ilə idarə olunan AŞPA rəhbərliyinin istəkləri əsasında reallaşmışdır. O da bəllidir ki, hazırda Almaniya Cənubi Qafqaz siyasətində Fransanın yedəkçisidir.

… Misir yazıçısı Nəcib Məhfuzun Nobel mükafatını alarkən çıxışında söylədiyi bu qlobal hadisələrin təlatümündə çabalayan bu günlərimiz üçün xarakterik olan sözlərini yada salaq: «Bizim sivil dövlətlərin rəhbərlərindən və onların sahibkarlarından əsl sıçrayış etməyi, müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağı tələb etməyə haqqımız və borcumuz var. Əvvəllər hər bir lider yalnız öz millətinin mənafeyi naminə hərəkət edirdi, qalanlarına rəqib və ya istismar obyekti kimi baxır, öz üstünlüyündən və şəxsi şöhrətindən başqa bütün digər dəyərlərə etinasız yanaşırdı. Bunun adı ilə əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. Yalan, hiylə, xəyanət və qəddarlıq bəsirət möcüzəsi kimi ehtiram edilir, böyüklüyün sübutu kimi görülürdü. Bu gün yanaşma kökündən dəyişməlidir. Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Danışmaq yetər, hərəkət etmək vaxtıdır. Beynəlxalq soyğunçuların və vicdanı pis insanların dövrünü bitirməyin vaxtıdır. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq”.

Bu sözlərdə daim yenilik, bərabər, qarşılıqlı hörmət prinsipləri əsasında yaşamaq, dünyamızı sabit görmək naminə humanist əməlləri ilə fərqlənən və yeni hədəflərə doğru bəşəri ideyalar naminə çağırışlar edən Prezident İlham Əliyevin liderlik fəaliyyəti tam əks olunub. Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən «Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər respublikamızda yaşaya bilər. Əgər ermənilər Xankəndiyə qayıtmaq istəyirlərsə rəsmi İrəvan hakimiyyəti soydaşlarımızın Qərbi Azərbaycana, tarixi yurdlarına qayıdışını da təmin etməlidir.

Milli maraqlarımızın qorunması üçün mümkün bütün variantlardan istifadə edən, xalqımızın əsrlər boyu yaşatdığı dəyərləri qoruyan, ölkəmizə qarşı təhdid və təzyiqlərin qarşısını Liderlik qətiyyəti ilə alan, faşist təfəkkürlü erməni terrorçularının vandallıqlarını bütün səviyyələrdə açıqlayan Prezident İlham Əliyev bu gün insanlığa , bəşəri dəyərlərə ziyan vuran ədalətsizliyə, terrora, bəşəri dəyərlərə ləkə gətirən ikili standartlara qarşı mübarizənin önündə gedir. Dövlət başçımızın hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır.

Dünyada sülhün bərqərar olması üçün ölkəmizdə keçirilən siyasi, iqtisadi, humanitar platformalarda insanlıq ləyaqətini qoruyan çağırışları ilə diqqət çəkən Prezident İlham Əliyev uzaq tarixləri yaxına gətirməklə insanların arzularını reallığa çevirir. «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq» sözləri ilə sülhsevərlik missiyasına sadiqliyini təsdiqləyən Prezident İlham Əliyev həqiqi mənada müasir dövrümüzün Lideri olduğunu təsdiqləyir.

Xuraman İsmayılqızı, «İki sahil»