24 fevral 2024 00:58
526

Erməniliyin etiketi: Qan, zülm, qəddarlıq, şovinizm…

Tarixdə görünməmiş qəddarlığı ilə qanları donduran Xocalı soyqırımı erməni vəhşiliyinin ən dəhşətli səhifələrindəndir

Hər xalq özünəməxsus milli keyfiyyətləri, xüsusiyyətləri ilə tanınır. Erməni toplumunu dünyada tanıdan yuxarıda sadalanan qeyri-insani etiketlərdir. Qorxaq, amma məkrli, insanlıqdan kənar genetik xüsusiyyətləri ilə tanınan, muzdlu nökərlər kimi, ən qatı cinayətlərin iştirakçısı olan ermənilər genosidə məruz qalan məzlum xalq deyil, soyqırım törədən qaniçən cəlladlardır. Təkcə ötən əsrdə erməni daşnaklarının azərbaycanlılara, türklərə qarşı törətdikləri qırğınlar nəticəsində qəddarlıqla öldürülən müsəlmanların sayı milyondan çoxdur.

Əsrlər boyu dığalarını «Harada türk gördün öldür!» ideyası ilə yetişdirən, 1905-1907-ci, 1918-1920- ci illərdə Azərbaycanın bütün bölgələrində dinc soydaşlarımızı amansızcasına qətlə yetirən, diri-diri yandıran, torpağa basdıran, başlarını kəsən daşnaklar 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhalini amansızcasına, xüsusi qəddarlıqla öldürmüşlər. Kütləvi qırğın o dərəcədə dəhşətli olub ki, daşnakların ən qəddar ideoloqu, soyqırımının iştirakçısı Stepan Şaumyanın özü belə ermənilərdən ibarət polkun «xidmətlərindən» məmnunluğunu «yuxarılara» «Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur» sözləri ilə ifadə edib. «Azərbaycanlılarsız Ermənistan» daşnakların əbədi ideyası olub. 1948- 1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan, yurd həsrətinə dözməyərək dünyasını dəyişənləri, 1988-ci illərdən başlayan «miatsum» hərəkatı zamanı öldürülən günahsız azərbaycanlıları, atəşkəs rejimində belə qana həris olan ermənilərin qətlə yetirdikləri körpələri də qurbanların sırasına əlavə etsək şəhidlərimizin sayı daha çox olar.

Qana susayan ermənilər 20 Yanvar faciəsi zamanı da imperiya ordusunun tərkibində Bakıya gələrək azadlıq uğrunda mübarizə aparan insanları vəhşicəsinə öldürdülər. Qəribəsi bu idi ki, 20 Yanvar qırğınından əvvəl imperiya qüvvələrinin Vilnüsdə, Tbilisidə, Alma-Atada tərətdikləri hadisələri pisləyən beynəlxalq ictimaiyyət, ABŞ və onun Avropadakı müttəfiqləri onlardan daha dəhşətli Bakı qırğınını SSRİ-nin daxili işi kimi qiymətləndirərək susdular. Ötən əsrin ən qanlı qətliamı- Xocalı soyqırımını da səssizcə izləyən Qərb bir gecədə erməni vəhşiləri tərəfindən yandırılan, külə döndərilən Xocalının harayını eşitmədilər. Ermənilərin qana boyadıqları qocaların, uşaqların, qadınların faciəsinə, tonqallara atılan, süngülərə keçirilən körpələrə biganə qaldılar, susdular.

Son illərin statistikasına nəzər salaq. 1988-1993-cü illərdə Qarabağ münaqişəsi ilə bağlı hadisələrdə 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Münaqişə illərində 4.853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfəri ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köçmüşlər.

İki əsrdə azərbaycanlılara qarşı ağlagəlməyən fəlakətlər törədən, insanlığa məxsus dəyərləri belə qan rəngində görən, azərbaycanlılara verdikləri işgəncələrdən zövq alan, ermənilərdən ibarət terror təşkilatı «ASALA»nın soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərə heç yerdə rast gəlinməyib. 1988-ci ildə Xankəndidə «miatsum» bağırtıları ilə təşkil olunan aksiyalarda keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi əsassız tələblə başlanan Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirildi. Tarixi dədə-baba yurdumuz Qərbi Azərbaycanda əsl antitürk kampaniyası başladı. Kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, günahsız azərbaycanlıların öldürülməsi ilə nəticələnən Qukark, Vardenis faciələri yaddaşlarımızda iz saldı. Azərbaycanlıların kütləvi qırğını, soyqırımları ilə müşaiyət olunan deportasiyalar da «böyük Ermənistan» xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar vəhşilikləri idi. Ermənilərin törətdikləri Xocalı soyqırımı isə görünməyən vandallıq kimi bəşər tarixinə yazıldı.

Bu gün dünya tarixində qanlı izləri ilə xatırlanan Xatın, Naqasaki, Ruanda, Nigeriya, Serebrenitsa, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi qətliamlarla müqayisədə 26 fevral 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ağlasığmaz dəhşətləri ilə seçilir.
 Keçmiş Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün hazırlanan ssenariləri həyata keçirən erməni silahlı birləşmələri ilə keçmiş sovetlərin 366-cı motoatıcı alayının sərxoş əsgər və zabitləri Xocalıda qana hərislik xislətlərini bir daha göstərdilər. Əsgəranda, Ağdamda… artıq tarixin arxivinə atılmış Qarabağ ərazisindəki azərbaycanlıların yaşadıqları Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də «etnik təmizləmə» siyasətlərini həyata keçirdilər. Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlını qətlə yetirən ermənilər qaniçənliklərini sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin Başlıbel kəndlərində davam etdirdilər.

30 il Ermənistanın işğalı altında qalan bütün ərazilərimizdə dəhşətli qırğınlar törədən ermənilər Xocalını hər tərəfdən mühasirəyə aldılar. Bütün şəhəri yandırdılar. Həmin gecədə 106-ı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl olmaqla 613 Xocalı sakini misli görünməmiş qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu, 1275 nəfər ermənilər tərəfindən əsir götürüldü, onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynindən, 130 körpə isə bir valideynindən məhrum oldu. Soyqırım qurbanlarından 56 nəfərini amansız vəhşiliklə qətlə yetirən ermənilər bu əməllərindən xüsusi zövq aldıqlarını etiraf edirdilər.

O hadisələrdən 30 ildən artıq vaxt keçsə də, daşnak vəhşiliyinin təzahürü olan Xocalı soyqırımı bu gün də eyni ağrı-acı ilə xatırlanır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin sessiyasında Xocalı soyqırımına siyasi qiymət verildi. Bu qətliamı artıq bir çox ölkələrin parlamentləri rəsmi olaraq tanıyıb, erməni vəhşiliyi lənətlənib.

Qəhrəman Azərbaycan xalqı ermənilərin bu əməllərini cavabsız qoymadı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər erməni qaniçənlərinin Xocalı soyqırımına cavabı idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Ermənistan üzərindəki Qələbəsi bütün şəhidlərimizin nahaqdan axıdılan qanlarının cavabı, daşnaklara tarixi dərs oldu. Necə deyərlər, qisası qiyamətə qoymayan Azərbaycan xalqı işğalçı, vəhşi, vandal Ermənistana layiq olduğu cavabı döyüş meydanında verdi.

Heydər Əliyev Fondunun beynəlxalq səviyyədə apardığı «Xocalıya ədalət!» kampaniyasına qoşulanların sayının artmasının nəticəsidir ki, bir neçə dövlətin parlamentləri bu faciəni soyqırımı kimi tanıyırlar. Türkiyə, ABŞ-ın 20 ştatı, Xocalı soyqırımına aid parkın olduğu Meksika, Pakistan, Kolumbiya, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, Honduras Milli Konqresi, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilən qırğınların soyqırımı kimi tanıması ermənilərin saxta ideoloji təbliğatına vurulan zərbə, Azərbaycan həqiqətlərinin təsdiqidir. Erməni vandalizmini, insanlığa qarşı törədilən qətliam olduğunu bəyanatları ilə pisləyən ölkələrin sayı artmaqdadır. Paraqvay Respublikasının Deputatlar Palatasında 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi, bununla bağlı bəyanatın qəbulu, qətlə yetirilən soydaşlarımızın xatirəsinin anılması ölkəmizlə həmrəyliyin ifadəsi, Azərbaycan diplomatiyasının uğuru, xarici siyasətimizin dəstəklənməsidir. Paraqvay parlamentinin saytında yerləşdirilən bəyanatda qeyd edilirdi ki, Xocalı qətliamı XX əsrdə törədilən ən qanlı faciə, erməni vəhşiliyinin nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, soyqırımını əks etdirən yüzlərlə fotoalbomlar, məlumat kitabçaları, açıqcalar, «Leyla Əliyeva: Xocalıya ədalət» kitabı, «Böyüməyən uşaqlar», «1992-ci ilin qarı» kimi sənədli filmlər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidə... bütünlükdə dünya ictimaiyyətinin Xocalıda qətliam törədən ermənilərə ictimai nifrətinin əyani təzahürüləridir.

O hadisələr zamanı susan, sonrakı illərdə Serbiyanı törətdikləri Srebrenitsa qətliamını soyqırım kimi tanınmağa çağıran Avropa Şurası (AŞ) hələ də Xocalı soyqırımını tanımır. Əksinə , soydaşlarımızın qətliamında iştirak edən əli azərbaycanlılaran qanına batan separatçıların könüllü olaraq Xankəndini tərk etmələrini ermənilərin «hüquqlarının pozulması» kimi qələmə verirlər. Kaş Avropa Şurası Xocalı soyqırımını törədən ermənilərə qarşı da belə prinsipial olardı. «Müharibənin sonuna qədər tək bir yəhudi belə həyatda qalmayacaq» əmrini verən, «Holokost» törədən Hitlerin sadiq cəlladı njdelərin törəmələri olan ermənilərin qana susamış yaratıqlar olduqlarını bütün dünya ictimaiyyəti bilir. «Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı- hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır,- beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər» söyləyən Prezident İlham Əliyev xalqın iradəsini əks etdirən sözlərini Ali Baş Komandan kimi qətiyətli iradəsi ilə reallaşdırdı. Bu gün Xocalı qatillərinin bəziləri Azərbaycanın təcridxanalarında cəzalarını çəkirlər.

Xocalı faciəsinin soyqırım kimi «Beynəlxalq Müharibə Qurbanları Memorialı»na daxil edilməsi, Böyük Britaniyanın parlamenti qarşısında Xocalı qurbanlarının adı yazılmış 613 şarın göyə buraxılması şəhidlərimizin ruhuna hörmətdir.

Tökülən qan yerdə, qisas qiyamətə qalmır. Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənməsi soyqırımı qurbanlarının xatirəsinə əbədi hörmət rəmzi idi. İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə şəxsən nəzarət edən Prezident İlham Əliyevin ötən ilin oktyabrında Xocalı şəhərində Dövlət Bayrağımızı dalğalandırması, rayonun Çapanaqçı və Sığnaq kəndlərində olması ermənilərə və onların havadarlarına göz dağı, Lider qətiyyətinin ifadəsi idi. Bu il son 32 ildə ilk dəfə Xocalı qurbanlarının xatirəsinin uğurunda qurban getdikləri doğma torpaqlarında yad edilməsi xalqımızın şəhidlərimizə əbədi ehtiramının rəmzidir.

Xuraman İsmayılqızı, «İki sahil»