Ukrayna xalqı Azərbaycan xalqının kədərini bölüşür və Xocalı faciəsi qurbanlarının xatirəsini anır. Bu vəhşi cinayəti törədənlər başqasının torpaqlarını işğal edən insanlığa zidd terrorçu xislətini nümayiş etdiriblər. Sivil dünyanın Xocalı faciəsini unutmağa haqqı yoxdur.
“İki sahil” xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının xalq deputatı Sergey Naqornyak AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
“Beynəlxalq hüquq cinayətkarların cəzasız qalması hallarına dözmür, çünki bu, cinayətlərin miqyasını xeyli artırır. Təəssüflər olsun ki, dünya ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, azərbaycanlıların öz torpaqlarından qovulmasına, dinc əhaliyə və müdafiəsiz insanlara qarşı törədilmiş kütləvi qırğınlara, ağır cinayətlərə göz yumdu. Bütün bu mənfi hallar dəfələrlə artıb, eyni zamanda, beynəlxalq hüququn pozulması cəhdlərinin qarşısını almalı və təcavüzkar ölkələrə qarşı sanksiyalar tətbiq etməli olan dünya ictimaiyyəti və beynəlxalq qurumlar bu gün də fəaliyyətsizdir”, - deyə Sergey Naqornyak əlavə edib.
Deputat vurğulayıb ki, bu cinayəti törədən silahlılar vaxtında cəzalarına çatsaydı, bəlkə də belə vəhşiliklərin qarşısını almaq mümkün olardı. Xüsusən də, gördüyümüz kimi, separatçılığın və beynəlxalq hüququn pozulmasının bir və eyni mənbəyinin mövcud olduğu postsovet məkanında.
S.Naqornyak deyib: “Biz görürük ki, dövlətlərin ərazi bütövlüyünün pozulması terrorçuların, qatillərin və sivil cəmiyyətdə həbs edilməli olan şəxslərin amansızlıqlar törətməyə başlaması ilə müşayiət olunur. Bu gün biz Ukraynada dünya institutlarının zəifliyinin çox ciddi nəticələrini görürük.
Lakin ümidvaram ki, hamımız dünya nizamının yeni arxitekturasına nail ola biləcəyik, orada terrorçulara, dinc insanları qətlə yetirən cəlladlara yer olmayacaq. Onların yeri həbsxanalardır. Nə qədər zaman keçsə də, belə cinayətlərin iddia müddəti yoxdur. Biz Xocalı qırğını kimi ağır cinayətlərə və ya Ukraynada törədilən kütləvi qırğınlara yer olmayacağı dünya uğrunda mübarizə aparmalıyıq.
Bu gün qurbanların xatirəsini anmağa borcluyuq və təkrar edirəm ki, öz miqyasına görə dəfələrlə artan bu cür ağır cinayətlərə sərt reaksiya verilməsini tələb etməliyik”.